Nyu-Yorkda qartopu savaşı siyasi böhrana çevrildi
Nyu-Yorkdakı Vaşinqton Skver Parkda təşkil edilən və polis əməkdaşlarının hədəf alındığı qartopu savaşı ilə bağlı müzakirələr davam edərkən, hadisə ilə əlaqədar ilk saxlanılan şəxs olub.
AFN.az xəbər verir ki, Nyu-York Polis Departamenti (NYPD) əməkdaşlarına qəsdən qartopu atan şəxslərin müəyyən edilməsi istiqamətində apardığı araşdırmalar çərçivəsində 27 yaşlı bir kişini yaxalayıb.
Sosial media vasitəsilə təşkil edilən tədbir başlanğıcda əyləncəli bir qış fəaliyyəti kimi görünsə də, polis əməkdaşlarının yaralanması ilə nəticələnən görüntülər siyasi böhrana yol açıb. Hadisədən sonra mer Zohran Mamdani ilə polis rəisi Cessika Tiş arasındakı fikir ayrılıqları dərinləşib.
Hadisə anına aid görüntülərdə bəzi şəxslərin yoldan keçən polislərə qəsdən və sərt şəkildə qartopu atdığı görünür. Üz nahiyəsindən yaralanan bəzi polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Polis rəisi Tiş baş verənləri biabırçılıq kimi xarakterizə etdiyi halda, mer Mamdani başlanğıcda hadisəni uşaqların qartopu savaşı kimi qiymətləndirib.
Mamdani daha sonra NYPD-nin fəaliyyətini təqdir etsə də, birbaşa qınaq ifadəsi işlətməməsi polis həmkarlar ittifaqlarının kəskin narazılığına səbəb olub. Mer çərşənbə günü verdiyi bəyanatda bildirib: "Mənim gördüyüm nəzarətdən çıxmış bir qartopu savaşı idi. Şəhərdə təşkil edilən qartopu savaşlarını qadağan etməyəcəyəm".
Nyu-York Polis Fondu (PBA) saxlanılma xəbərini məmnuniyyətlə qarşılayıb və məmurlara qarşı bu növ davranışların qəbulolunmaz olduğunu vurğulayıb. Qeyd edək ki, ABŞ-ın şimal-şərqini təsir altına alan fırtına son on ilin ən böyük qar yağışına səbəb olub. Central Parkda ölçülən 50 santimetrlik qar şəhər tarixinin doqquzuncu ən böyük qar yağışı kimi qeydə alınıb.

