Yunanıstanda dənizçilər 24 saatlıq tətilə başladılar
Yunanıstanda dənizçilik sektoru işçiləri, ABŞ və İsrailin İrana hücumları səbəbindən bölgədə çarəsiz qalan həmkarlarına dəstək nümayiş etdirmək üçün paytaxt Afinada aksiya keçirərək 24 saatlıq tətil elan ediblər.
AFN.az xəbər verir ki, Hörmüz boğazında gediş-gəlişin dayandırılması nəticəsində bölgədə köməksiz qalan yunan dənizçilərin vəziyyətinə diqqət çəkmək istəyən işçilər Dənizçilik Federasiyasının rəhbərliyi ilə Yunan Gəmi Sahibləri Birliyinin binası qarşısına toplaşıblar.
Etirazçılar daha sonra oradan Dənizçilik və Ada Siyasəti Nazirliyinə doğru yürüş ediblər. Hörmüz boğazındakı gəmilərdə qalan yunan dənizçilərin ölkələrinə təhlükəsiz qayıtmasını tələb edən aksiya iştirakçıları Yunanıstan hökumətinin ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hərbi əməliyyatlara qətiyyən müdaxilə etməməsini istəyiblər.
Tətil çərçivəsində ölkə boyu dəniz nəqliyyatının hərəkəti 24 saatlıq müddətə dayandırılıb. Yunanıstanın Dənizçilik və Ada Siyasəti nazirinin müavini Stefanos Qikasın parlamentdə verdiyi məlumata görə, hazırda Hörmüz boğazı, Oman körfəzi və ətraf ərazilərdə Yunanıstan bayrağı altında üzən 32 gəmi mövcuddur. Bununla yanaşı, bölgədə Yunanıstanla əlaqəli olan gəmilərin ümumi sayının 160-a çatdığı bildirilir.


