ABŞ-a məxsus 12 "MQ-9 Reaper" PUA-sı məhv edilib
ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların əvvəlindən bəri Amerika istehsalı olan ən azı 12 ədəd "MQ-9 Reaper" pilotsuz uçuş aparatı (PUA) sıradan çıxarılıb.
AFN.az xəbər verir ki, bu barədə "ABC" telekanalı Vaşinqton administrasiyasındakı rəsmi şəxslərə istinadən məlumat yayıb.
Hər birinin dəyəri təxminən 16 milyon dollar olan bu dronların itirilməsi Pentaqon üçün həm maliyyə, həm də texniki baxımdan ciddi itki hesab olunur. Qeyd olunur ki, "General Atomics" şirkəti artıq 2025-ci ildə bu növ pilotsuz aparatların istehsal xəttini bağlayıb.
2020-ci ildən bəri Pentaqonla bağlanan müqavilə çərçivəsində cəmi 575 ədəd bu modeldən istehsal edildiyi üçün mövcud itkilərin bərpası məhdud xarakter daşıyır.
Ötən həftə isə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin hava hücumundan müdafiə sistemlərinin əməliyyatların başlanğıcından bəri 112 müxtəlif pilotsuz aparatı, o cümlədən "MQ-9 Reaper" modellərini zərərsizləşdirdiyini açıqlamışdı.
