BMT: Dünyada 2,1 milyard insan təhlükəsiz içməli su xidmətlərindən məhrumdur
Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada 2,1 milyard insanın hələ də təhlükəsiz şəkildə idarə olunan içməli su xidmətlərinə çıxışının olmadığını bəyan edib.
AFN.az xəbər verir ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) nümayəndəsi Bhanu Neupane yeni dərc olunmuş "BMT Dünya Su İnkişaf Hesabatı" barədə məlumat verib.
Son qlobal monitorinq məlumatlarına əsasən, dünyada 2,1 milyard insanın təhlükəsiz içməli su xidmətlərinə əlçatanlığı yoxdur. O, həmçinin dünyada 3,4 milyard insanın təhlükəsiz idarə olunan sanitariya, 1,7 milyard insanın isə evlərində əsas gigiyena xidmətlərindən məhrum olduğunu bildirib. İqlim dəyişikliyi ilə bağlı quraqlıqlar və daşqınların təsiri ilə hər il ən azı 4 milyard insan minimum bir ay şiddətli su qıtlığı yaşayır.
Hesabatda su bərabərsizliyində gender amilinə də xüsusi diqqət çəkilib. Neupane vurğulayıb ki, su təchizatı olmayan evlərin təxminən 70 faizində suyun gətirilməsinə görə qadınlar və qızlar məsuliyyət daşıyır. Qadınların və qızların hər gün su təminatı üçün təxminən 250 milyon saat vaxt sərf etdiyi qeyd olunub.
Su toplamaq üçün sərf edilən bu vaxt təhsil, məşğulluq və ictimai həyatda iştirak imkanlarını azaldır. Həmçinin bu proses zamanı qadın və qızların fiziki xəsarət və zorakılığa məruz qaldığı sənədləşdirilmiş faktlarla diqqətə çatdırılıb. Qeyd edək ki, bu hesabatın hazırlanmasına 12 BMT qurumu rəhbərlik edib.
