Çin ABŞ-a qarşı rəsmi araşdırmaya başlayıb



Çin ABŞ-ın tarifləri yeni hüquqi müstəviyə keçirmək məqsədilə başlatdığı təhqiqatlara cavab olaraq, bunların ədalətsiz ticarət maneəsi yaratdığı əsası ilə rəsmi araşdırmaya başlayıb.

AFN.az xəbər verir ki, Çin Ticarət Nazirliyindən verilən bəyanatda ABŞ-ın "izafi istehsal gücü" və "məcburi əmək" iddiaları ilə başlatdığı proseslərə qarşı kəskin tədbirlər görüldüyü bildirilib.

Açıqlamada ABŞ-ın tətbiq etdiyi tədbirlərin qeyri-qanuni olduğu, qlobal tədarük zəncirlərini pozacağı və xüsusilə yaşıl enerji məhsullarının ticarətinə mənfi təsir göstərəcəyi ifadə edilib. Çin tərəfi müvafiq sənaye sektorlarının maraqlarını qətiyyətlə qoruyacağını vurğulayıb.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi fevralın 20-də Prezident Donald Tramp tərəfindən tətbiq edilən tariflərin hüquqi bazası olan qanunun prezidentə belə bir səlahiyyət vermədiyi barədə qərar çıxarıb. Bu qərardan sonra Trampın ötən il tətbiq etdiyi gömrük rüsumları hüquqi qüvvəsini itirib və minlərlə şirkət ödənilən vergilərin geri qaytarılması üçün məhkəmə iddiaları qaldırıb.

301-ci maddə üzrə araşdırmalar

Vaşinqton administrasiyası tarifləri yeni hüquqi əsasa söykəmək üçün martın 11-də aralarında Çin, Avropa İttifaqı, Meksika və Hindistanın da olduğu 16 iqtisadiyyata qarşı təhqiqat başladıb. Martın 12-də isə Çin daxil olmaqla 60 ölkəyə qarşı ABŞ Ticarət Qanununun 301-ci maddəsi üzrə araşdırmalar elan edilib.

Xatırladaq ki, 1974-cü il tarixli ABŞ Ticarət Qanununun 301-ci maddəsi ABŞ prezidentinə beynəlxalq hüququ pozan hər hansı xarici hökumətin siyasətlərinə qarşı tarifli və ya tarifsiz cavab tədbirləri görmək səlahiyyəti verir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu