Aya 50 ildən sonra dönüş: "Artemis" üçün geri sayım başladı



NASA 50 ildən çox fasilədən sonra bəşəriyyəti yenidən Ay səyahətinə hazırlayır. "Artemis 2" missiyası üçün geri sayım artıq başlayıb.

AFN.az xəbər verir ki, bəşəriyyətin "Apollon 17"dən bəri Aya ilk pilotlu dönüşünü simvolizə edən hazırlıqlar son mərhələyə çatıb.

Missiyanın aprelin 1-i çərşənbə günü EDT vaxtı ilə 18:24-də (Bakı vaxtı ilə aprelin 2-si saat 02:24) Kennedi Kosmik Mərkəzindən fırladılması planlaşdırılır. "Artemis 2" missiyası "Space Launch System" (SLS) raketi və "Orion" kapsulunun ilk pilotlu uçuşu olacaq. Heyət Ay səthinə eniş etməyəcək, lakin gediş-dönüş zamanı Ayın görünməyən tərəfindən bənzərsiz görüntülər əldə edəcək.

NASA-nın yeni nəsil komandası müxtəlifliyi ilə seçilir. Dörd nəfərlik heyətdə missiyanın komandiri 50 yaşlı Rid Uayzman, pilot kürsüsündə isə Aya gedən ilk qaradərili astronavt kimi tarixə düşəcək Viktor Qlover əyləşəcək. Missiya mütəxəssislərindən Kristina Kox Aya gedən ilk qadın, Ceremi Hansen isə Kanadanı bu miqyasda təmsil edən ilk astronavt olacaq.

Təxminən 10 gün davam edəcək bu missiya gələcəkdə planlaşdırılan Ay enişləri üçün kritik bir addım hesab olunur. NASA "Artemis" proqramı çərçivəsində növbəti illərdə insanları yenidən Ay səthinə endirməyi və uzunmüddətli perspektivdə Mars missiyalarına zəmin hazırlamağı hədəfləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu