Rusiya Ayın səthində araşdırmalar aparacaq



Rusiya Federal Kosmik Agentliyinin ("Roskosmos") rəhbəri Dmitri Bakanov yaxın vaxtlarda Ayda skanlama işlərinə başlayacaqlarını və Ayın daxili quruluşunu öyrənmək üçün lazımi cihazların hazırlanmasına bu il start veriləcəyini açıqlayıb.

AFN.az xəbər verir ki, Bakanov Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasında ölkəsinin Ay proqramı ilə bağlı mühüm məlumatlar paylaşıb.

Rusiyanın Çin ilə Ay proqramını inkişaf etdirməyə davam etdiyini bildirən Bakanov, bu layihə çərçivəsində ümumilikdə 15 ölkənin bir araya gəlməsinin planlaşdırıldığını qeyd edib. Agentlik rəhbəri Ayın tədqiqi ilə bağlı işlərin bu il sürətlənəcəyinə işarə edərək, "Biz Ayı skan edəcəyik, Ay süxurlarını toplayıb məlumatları Yer kürəsinə ötürəcək eniş modulunun layihələndirilməsini tamamlayacağıq. 2026-cı ildə Ayın daxili strukturunu araşdırmaq üçün xüsusi cihazların yaradılmasına başlanılacaq" deyib.

Xatırladaq ki, "Roskosmos" ilə Çin Milli Kosmik İdarəsi arasında Ayda tədqiqatlar aparmaq məqsədilə birgə stansiyanın qurulması barədə memorandum 2021-ci ildə imzalanıb. Bu əməkdaşlıq qlobal kosmik rəqabətdə mühüm strateji addım kimi qiymətləndirilir. Layihənin uğurla icrası Ayın mənşəyi və resursları haqqında yeni elmi məlumatların əldə edilməsinə imkan verəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu