Küveyt dronların satışını və istifadəsini qadağan etdi
Küveytin Ticarət və Sənaye Nazirliyi İranın bu ölkəyə qarşı hücumundan sonra baş verən hadisələrlə əlaqədar bu gündən etibarən ikinci bir elana qədər dronların satışının və istifadəsinin tamamilə qadağan edildiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Küveyt Hökumət Rabitə Mərkəzinin sosial media hesabından verilən məlumatda nazirliyin dronlarla bağlı müvafiq qərar imzaladığı bildirilib.
Rabitə Mərkəzinin açıqlamasında qeyd olunub ki, qadağanın müddəalarını pozan hər bir müəssisə bağlanacaq və zəruri hüquqi tədbirlərin görülməsi üçün səlahiyyətli istintaq orqanlarına sövq ediləcək. Qeyd olunan qadağa qərarı bu gündən qüvvəyə minib və növbəti bildirişə qədər qüvvədə qalacaq.
Bənzər bir addım daha əvvəl Bəhreyn tərəfindən də atılmışdı. Bəhreyn Daxili İşlər Nazirliyi martın 28-də ölkə boyu pilotsuz uçuş aparatlarının istifadəsini qadağan etdiyini elan etmişdi. Nazirliyin yazılı açıqlamasında bu qadağanın bütün növ pilotsuz uçuş aparatlarını əhatə etdiyi və istifadə məqsədindən asılı olmayaraq qüvvədə olduğu bildirilmişdi.
Milli təhlükəsizliyin qorunması və ictimai asayişin gücləndirilməsi məqsədilə qəbul edilən qərara əsasən, qanunsuz istifadə edilən aparatların aşkarlandığı təqdirdə məhv ediləcəyi və məsul şəxslər barəsində hüquqi araşdırma başladılacağı vurğulanmışdı.

