NASA Yer kürəsinin kosmosdan çəkilmiş yeni görüntülərini yayımladı
ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) 50 ildən çox fasilədən sonra Ay ətrafına ilk insanlı missiyasına başlayan "Artemis II" heyəti Yer kürəsinin kosmosdan çəkilmiş iki yeni fotosunu paylaşıb.
AFN.az xəbər verir ki, Aya doğru hərəkət edən kosmik gəmidən çəkilən bu kadrlar missiya komandiri Rid Uayzman tərəfindən lentə alınıb. Təqdim olunan görüntülərin birində kapsulun pəncərəsindən Yer kürəsinin mənzərəsi, ikincisində isə planetimizin tam kürə forması əks olunub. Fotolarda həmçinin qütb parıltısı (aurora) və uzaqda görünən Venera planetinin işığı da diqqət çəkir.
Missiya heyətinin aprelin 6-da Aya çatacağı və onun ətrafında dövr edərək geri qayıdacağı gözlənilir. Xatırladaq ki, NASA aprelin 1-də "Artemis II" missiyası çərçivəsində "Orion" kosmik gəmisini kosmosa yola salıb.
Ümumilikdə 4 nəfərdən (Rid Uayzman, Viktor Qlover, Kristina Kox və Ceremi Hansen) ibarət olan heyət 10 günlük uçuş müddətində kosmik gəmidəki sistemləri sınaqdan keçirəcək və Ayın uzaq tərəfini (görünməyən hissəsini) yaxından müşahidə edəcəkdir.

