Tramp: Təəssüf ki, Amerika xalqı evə qayıtmağımızı istəyir
ABŞ Prezidenti Donald Tramp İranın razılaşma ilə bağlı son cavabının əhəmiyyətli bir irəliləyiş olduğunu qeyd edərək, özünə qalsa İrandakı neft yataqlarını nəzarətdə saxlamağa üstünlük verəcəyini bildirib.
AFN.az xəbər verir ki, mətbuat mənsublarının suallarını cavablandıran Tramp "Mənə qalsa, İrandakı nefti əlimizdə saxlamaq istərdim, çünki o, orada götürülməyə hazırdır. Təəssüf ki, Amerika xalqı bizim evə qayıtmağımızı istəyir. Mən nefti götürər, onu əlimdə saxlayar və kifayət qədər çox pul qazanardım" deyə vurğulayıb.
ABŞ və İran arasındakı mümkün razılaşma prosesinin müsbət istiqamətdə irəlilədiyini və İranın amerikalılara verdiyi son cavabların diqqətəlayiq olduğunu vurğulayan Tramp, hadisələrin gedişatını izləyəcəklərini qeyd edib. Digər tərəfdən, Tramp İrandakı nümayişçilərə bölgədəki kürd qrupları vasitəsilə çox sayda silah göndərdiklərini, lakin bu silahların təyinatı üzrə çatmadığını iddia edib.
Silahları çatdırmalı olan qrupların onları özlərinə saxladığını deyən ABŞ Prezidenti, buna görə bəzi insanlardan çox narazı olduğunu və onların bunun qarşılığını ağır ödəyəcəklərini bəyan edib. O, həmçinin İran xalqının əlində silah olacağı təqdirdə özünü müdafiə edə biləcəyini və ölkənin qısa müddətdə təslim olacağını müdafiə edib.
Bundan əlavə, Tramp İranın ABŞ-a məxsus iki F-15 qırıcısını vurmasını təsadüfi adlandırıb və hər iki pilotun yaralı olaraq xilas edildiyini, vəziyyətlərinin yaxşı olduğunu diqqətə çatdırıb. Pilotlardan birinin xilas edilməsinin əvvəlcə gizli saxlanıldığını bildirən Tramp, hazırda hər ikisinin təhlükəsizlikdə olduğunu sözlərinə əlavə edib.
