İranın blokadası Oman körfəzi və Ərəbistan dənizini əhatə edəcək
ABŞ Silahlı Qüvvələri İranın dəniz blokadasını təmin etmək üçün Oman körfəzi və Ərəbistan dənizində fəaliyyət göstərəcək.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) gəmiçilik şirkətləri üçün nəzərdə tutulmuş tövsiyəsinə istinadən məlumat yayıb.
Məlumata görə, blokada bazar ertəsi günü Bakı vaxtı ilə saat 18:00-da qüvvəyə minəcək. "Blokada zonasına icazəsiz daxil olan və ya oradan çıxan istənilən gəmi saxlanılmalı, kursundan kənarlaşdırılmalı və ələ keçirilməlidir", — deyə məlumatda bildirilir.
CENTCOM dəqiqləşdirib ki, blokada limanlar və neft terminalları daxil olmaqla, lakin onlarla məhdudlaşmayaraq İranın bütün sahil xəttini əhatə edəcək. Bununla belə, komandanlıq vurğulayıb ki, humanitar yüklərin, o cümlədən qida məhsulları, dərman preparatları və digər zəruri malların daşınmasına gəmilərin yoxlamadan keçməsi şərti ilə icazə veriləcək.
