Braziliyada turist bir kababa görə 3500 manat ödədi



Rio-de-Janeyroda bir küçə satıcısı diqqətsiz britaniyalı turistə təxminən 3500 manat dəyərində kabab sataraq böyük bir fırıldaqçılığa imza atıb.

AFN.az xəbər verir ki, Kopakabana sahilində baş verən hadisədə ödəniş terminalı ilə manipulyasiya edən şübhəli şəxs polis tərəfindən yaxalanıb. Çərşənbə axşamı lüks otellərin qarşısındakı çimərlikdə saxlanılan şəxs və cinayət ortağının ödəniş terminalından istifadə edərək turisti min qat daha artıq borclandırdığı müəyyən edilib.

Belə ki, zərərçəkmiş turist normalda 10 real (təxminən 3,5 manat) tutmalı olan ət kababı üçün fərqinə varmadan 10 min real (təxminən 3500 manat) ödəniş edib. Bu hadisə Braziliyanın ən turistik şəhərində son dövrlərdə yaşanan bənzər fırıldaqçılıq hallarının son halqası olub.

Bundan əvvəl iki argentinalı turist iki stəkan tropik meyvə püresi üçün 7 min real, kolumbiyalı bir ziyarətçi bir stəkan kokteyl üçün 2500 real, digər bir argentinalı qadın isə bir ədəd qarğıdalı üçün 20 min real ödəməyə məcbur edilib.

Rio Turizm Polisinin rəisi Patrisiya Alemany Kopakabana və İpanema çimərliklərindəki bu cinayət dalğasını dayandırmaq üçün çalışdıqlarını bildirib. Alemany çimərliklərdəki nəzarət çatışmazlığının yaratdığı nizamsız mühitin fırıldaqçılar üçün zəmin hazırladığını vurğulayıb.

Yaşanan bu hadisələrə rəğmən, Rio turistlər üçün cəlbediciliyini qorumağa davam edir. Ötən il 9 milyon turist qəbul edərək rekord qıran Braziliya gələn ay sahildə təşkil olunacaq Şakira konserti kimi nəhəng tədbirlərlə ziyarətçi cəlb etməyi sürdürür. Mütəxəssislər xüsusilə dil bilməyən turistlərin ödəniş edərkən terminaldakı rəqəmləri diqqətlə yoxlamaları barədə xəbərdarlıq edirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu