İran: Atəşkəsin bizim üçün müharibə şəraitindən fərqi yoxdur
İran Ordusunun sözçüsü Məhəmməd Əkrəmi Niyə ABŞ ilə əldə olunan atəşkəsin onlar üçün müharibə şəraitindən fərqlənmədiyini və hər an döyüşə hazır olduqlarını bəyan edib.
AFN.az xəbər verir ki, sözçü Əkrəmi Niyə İranda qatıldığı bir televiziya proqramında cari ilin xüsusi şərtləri ilə bağlı açıqlamalar verib. O bildirib ki, hazırkı atəşkəs rejimi faktiki olaraq ordu üçün müharibə vəziyyəti kimidir və Silahlı Qüvvələr istənilən an fəaliyyətə keçməyə hazırdır.
Mövcud vəziyyətlə əlaqədar İran Silahlı Qüvvələrinin rəsmi hərbi parad keçirməyəcəyini qeyd edən sözçü, bunun əvəzinə yüksək rütbəli komandirlərin meydanlara toplaşan xalqın qarşısında çıxışlar edəcəyini vurğulayıb.
Əkrəmi Niyə həmçinin İran Ordusunun Baş komandanı general-mayor Əmir Hatəminin ölkəyə qarşı hər hansı quru hücumu baş verərsə, buna qətiyyətlə cavab verilməsi və təcavüzkarlardan tək bir nəfərin belə sağ qalmaması barədə xüsusi tapşırıq verdiyini diqqətə çatdırıb.
İranlı sözçü çıxışında İsfahanda ABŞ-ın sızma cəhdinin qarşısını alan hərbçiləri də xüsusi qeyd edib. O bildirib ki, amerikalılar bölgəyə enmək istəyərkən Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən C-130 hərbi nəqliyyat təyyarəsinin vurulması nəticəsində onlar geri çəkilmək məcburiyyətində qalıblar.

