İran ordusu: ABŞ ilə danışıqlar uğursuz olarsa, uzunmüddətli müharibəyə hazırıq
İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya müzakirə prosesinə ehtiyatla yanaşdıqlarını bildirərək, danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə uzunmüddətli müharibəyə hazır olduqlarını bəyan edib.
AFN.az xəbər verir ki, dövlət televiziyasında çıxış edən Əkrəminiya hərbi və diplomatik vəziyyəti qiymətləndirərkən atəşkəsin İranın qətiyyətli mövqeyi sayəsində qarşı tərəfə qəbul etdirildiyini vurğulayıb. General bildirib ki, İran öz iradəsi ilə düşməni atəşkəsə məcbur edib və hazırkı müzakirələrin mərkəzində Tehranın şərtləri dayanır.
Bununla belə, o, prosesə şübhə ilə yanaşdıqlarını qeyd edərək, danışıqların uğurla başa çatacağına ümid etdiklərini, lakin əks ssenari gerçəkləşərsə, ordunun uzunmüddətli döyüşlərə tam hazır olduğunu diqqətə çatdırıb. Qarşı tərəfə olan inamsızlığını 2015-ci ildəki nüvə sazişi prosesi ilə əsaslandıran sözçü düşmənin etibarsızlığını daha əvvəl dəfələrlə sübut etdiyini xatırladıb.
İranın hərbi hazırlıqlarının fasiləsiz davam etdiyini vurğulayan Əkrəminiya "gözümüz düşmən üzərində, barmağımız tətikdədir" ifadəsini işlədib. O, həmçinin İran parlamentinin Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması ilə bağlı hazırladığı qanun layihəsinə də toxunaraq, boğazın nəzarətə alınmasının bu müharibənin İran üçün iqtisadi faydalar gətirən mühüm bir qazancı olacağını bildirib.
