İran rəsmi olaraq 5 ərəb ölkəsini BMT-yə şikayət edib



İran İslam Respublikası öz ərazilərini və hava məkanlarını ABŞ-İsrail koalisiyasının İrana qarşı hücumları üçün istifadəyə verdikləri iddiası ilə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Qətər və Küveytə qarşı Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi etiraz məktubu göndərib.

AFN.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Səid İravani tərəfindən BMT Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrliyinə ünvanlanan məktubda həmin ölkələrin beynəlxalq hüquq qarşısında məsuliyyət daşıdıqları vurğulanıb.

İravani məktubunda beynəlxalq hüquq normalarına istinad edərək bildirib ki, bir dövlətin ərazisinin üçüncü ölkə tərəfindən digər dövlətə qarşı silahlı təcavüz məqsədilə istifadə edilməsi həmin ərazinin sahibi olan dövlətin də məsuliyyətini yaradır. İran rəsmisi qonşu hökumətləri mehriban qonşuluq prinsiplərinə əməl etməyə və ərazilərinin İrana qarşı istismar olunmasının qarşısını almağa çağırıb.

Məktubda həmçinin qeyd olunub ki, rəsmi Tehran qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşsa da, öz ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün beynəlxalq hüquq çərçivəsində, o cümlədən özünümüdafiə hüququ da daxil olmaqla bütün lazımi tədbirləri görmək haqqını özündə saxlayır.

Xatırladaq ki, fevral ayının sonunda başlayan gərginlik fonunda İran bir neçə dəfə regiondakı ABŞ bazalarına və bu bazalara ev sahibliyi edən ölkələrə xəbərdarlıqlar etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu