Çin "Tienvın-3"ü 2028-ci ildə kosmosa göndərəcək



Çinin Marsdan qaya və torpaq nümunələri toplaması hədəflənən "Tienvın-3" kəşfiyyat aparatını 2028-ci ildə kosmosa göndərəcəyi bəyan edilib. 

AFN.az xəbər verir ki, "Sinxua" agentliyinin məlumatına görə, Çin Milli Kosmik İdarəsi (CNSA) Mars missiyasının tarixlərini və layihə çərçivəsində əməkdaşlıq üçün seçilən proqramları açıqlayıb.

2028-ci ildə yola düşəcək aparatın topladığı nümunələrlə birlikdə 2031-ci ildə Yer kürəsinə qayıtması planlaşdırılır.

Missiyaya beynəlxalq elm qurumları, həmçinin Honkonq və Makao universitetlərindən seçilmiş 5 əməkdaşlıq layihəsi daxil edilib. Bu çərçivədə hazırlanan elmi ölçmə və analiz avadanlıqlarından 3-ü orbit peykinə, 1-i xidmət moduluna, 1-i isə roverə (robot-kəşfiyyatçı) quraşdırılacaq.

Paris mərkəzli Kosmik Tədqiqatlar Komitəsi (COSPAR) tərəfindən hazırlanan spektrometr Mars səthinin mineral tərkibini araşdıraraq "Qırmızı planet"də həyat izlərini axtaracaq. Makao Elm və Texnologiya Universitetinin hazırladığı cihaz atmosferin itirilməsi fenomenini, Honkonq Çin Universitetinin spektrometri isə atmosferdəki su izotoplarının paylanmasını tədqiq edəcək.

Honkonq Universitetinin hazırladığı hiperspektral görüntüləmə cihazı su molekullarının izini araşdıracaq, İtaliya Milli Nüvə Fizikası İnstitutunun lazer sistemi isə roverin səthdə dəqiq koordinatlarını müəyyən etməyə kömək edəcək.

Çin dilində "səmalarda həqiqəti axtarmaq" mənasını verən "Tienvın" missiyaları adını eramızdan əvvəl IV əsrdə yaşamış Çin şairi Çü Yuenin misralarından götürüb.

Çin 2020-ci ilin iyulunda "Tienvın-1" aparatını Marsa göndərmiş və onun tərkibindəki "Curonq" robotu planetin səthinə uğurla enmişdi. Bunun ardınca, 2025-ci ilin mayında asteroidlərdən nümunə toplamaq məqsədilə "Tienvın-2" kəşfiyyat aparatı kosmosa göndərilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu