NATO-nun sabiq rəhbərindən Britaniyaya təhlükəsizliklə bağlı xəbərdarlıq
NATO-nun keçmiş baş katibi (1999-2003) Corc Robertson Böyük Britaniya hökumətini sosial sahədən daha çox müdafiə xərclərinə üstünlük verməyə səsləyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, milli təhlükəsizlik strategiyası üzrə birgə parlament komitəsində çıxış edən Robertson, hökumətin əsas vəzifəsinin əhalinin təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb.
"Top, yoxsa kərə yağı" (müdafiə, yoxsa sosial rifah) seçiminin düzgün qoyulmadığını bildirən sabiq baş katib deyib: "Əgər toplarımız olmasa, kərə yağı da olmayacaq. Hər şey çox sadədir". O, sosial xərclərin müdafiə büdcəsindən beş dəfə çox olmasından təəccübləndiyini bildirərək, real böhran və ya ölkəyə birbaşa hücum baş vermədən təhdidlərin ciddiliyini anlamağın vacibliyini qeyd edib.
Robertson xatırladıb ki, Böyük Britaniya İkinci Dünya müharibəsinin xərclərini yalnız 2016-cı ildə tam ödəyib bitirib, bu isə müharibənin qarşısını almağın (çəkindirmənin) müharibə aparmaqdan daha ucuz başa gəldiyini sübut edir.
Sabiq baş katibin bu çağırışı Avropada hərbi gərginliyin artdığı və ölkələrin müdafiə qabiliyyətlərini yenidən gözdən keçirdiyi bir dövrə təsadüf edir.
