Peter Macar: Oliqarxların ölkədən pul çıxarmasına imkan verməyin
Tezliklə Macarıstanın Baş naziri olacaq "Tisa" partiyasının lideri Peter Macar polis, vergi xidməti və kommersiya banklarının rəhbərlərinə çağırış edərək, hazırkı hakimiyyətə yaxın oliqarxların böyük məbləğdə vəsaitləri xaricə çıxarmasının qarşısını almağı tələb edib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, o, həmçinin Viktor Orbanın rəhbərlik etdiyi gedən hökumətə analoji addımlar atmağı və zəruri qərarlar qəbul etməyi təklif edib.
Macar xatırladıb ki, artıq aprelin 25-də banklar tərəfindən Baş nazirin aparat rəhbəri Antal Roqanın ətrafı ilə bağlı olan "milyardlarla forint" dəyərində bir neçə şübhəli tranzaksiya dayandırılıb. O, Milli Vergi və Gömrük Administrasiyasının (NAV) şübhəli əməliyyatları qanunla yalnız 3-4 gün dayandıra bildiyini qeyd edərək, bu müddətin 90 günə qədər uzadılması üçün hökuməti təcili qərar qəbul etməyə çağırıb.
"FİDES mafiyası tərəfindən əldə edilmiş aktivlərin xaricə çıxarılmasına qarşı bütün mümkün vasitələrdən istifadə edəcəyik," — deyən Macar, qanun çərçivəsində hərəkət etməyən hər bir vəzifəli şəxsin və ya bank təmsilçisinin məhkəmə qarşısında cavab verəcəyini vurğulayıb.
Qeyd edək ki, "Tisa" lideri 9 may tarixində parlamentin ilk iclasında Baş nazir vəzifəsinə seçiləcək. Xatırladaq ki, aprelin 12-də keçirilən seçkilərdə Peter Macarın rəhbərlik etdiyi partiya böyük qələbə qazanaraq Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyub.
