Tramp Macarıstandakı parlament seçkiləri ərəfəsində Orbanı dəstəklədi
ABŞ Prezidenti Donald Tramp parlament seçkiləri ərəfəsində Macarıstanın Baş naziri Viktor Orbanı növbəti dəfə dəstəklədiyini ifadə edib.
AFN.az xəbər verir ki, bu barədə o, "Truth Social" şəbəkəsindəki paylaşımında bildirib.
ABŞ Prezidenti Macarıstan Baş nazirini "fenomenal nəticələr əldə etdiyini sübut etmiş güclü lider" adlandırıb. "Viktor Macarıstanın müdafiəsi, iqtisadiyyatın böyüməsi, iş yerlərinin yaradılması, ticarətin təşviqi, qeyri-qanuni immiqrasiya ilə mübarizə və qanun-qaydanın qorunması istiqamətində səylə çalışır", — deyə Tramp qeyd edib. Onun sözlərinə görə, ABŞ və Macarıstan arasındakı münasibətlər yeni zirvələrə çatıb.
"Mən 2022-ci ildə yenidən seçilməsi zamanı Viktoru dəstəkləməkdən qürur duymuşam və bunu yenidən etmək mənim üçün şərəfdir", — deyə Tramp vurğulayıb. O qeyd edib ki, Orban Macarıstan xalqını heç vaxt məyus etməyəcək.
Xatırladaq ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək. Orbanın rəhbərlik etdiyi hakim "FİDES — Macarıstan Vətəndaş Birliyi" partiyası, lideri Peter Madyar olan və Aİ rəhbərliyi tərəfindən dəstəklənən müxalif "Tisa" partiyasına qarşı mübarizə aparır.


