Ukrayna İsrail səfirini XİN-ə çağırdı
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İsrailin Kiyevdəki səfiri Mixael Brodskinin aprelin 28-də Xarici İşlər Nazirliyinə çağırıldığını və ona rəsmi etiraz notasının təqdim edildiyini bildirib.
Gərginliyə səbəb İsrailin Hayfa limanına Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən gətirildiyi iddia edilən taxıl daşıyan gəmilərin daxil olmasıdır.
Ukrayna tərəfi bildirir ki, Rusiya işğal olunmuş ərazilərdən qanunsuz yolla çıxardığı taxılı satmaq üçün İsrail limanlarından istifadə edir. Nazir Sibiqa qeyd edib ki, aprelin 12-də "Abinsk" gəmisi Hayfa limanına 44 min ton buğda boşaltdıqdan sonra, indi də "Panormitis" adlı ikinci bir gəmi analoji yüklə limana yaxınlaşıb. Kiyev İsrailin əvvəlki xəbərdarlıqlara reaksiya verməməsindən narahatlığını ifadə edərək, bu cür halların ikitərəfli dostluq münasibətlərinə xələl gətirdiyini vurğulayıb.
İsrailin xarici işlər naziri Gideon Saar isə ittihamlara cavab olaraq bildirib ki, diplomatik məsələlər sosial şəbəkələr üzərindən deyil, rəsmi kanallarla müzakirə olunmalıdır. O, İsrailin hüquqi dövlət olduğunu və təqdim ediləcək sübutlar əsasında məsələnin araşdırılacağını qeyd edib. Ukrayna Baş Prokurorluğu artıq gəmilərin həbs edilməsi ilə bağlı İsrail hakimiyyətinə rəsmi hüquqi yardım sorğusu göndərib.
