ABŞ-da yol hərəkəti qaydalarını pozan sürücüsüz maşınlar cərimələnəcək
ABŞ-ın Kaliforniya ştatında yol hərəkəti qaydalarını pozan sürücüsüz avtonom nəqliyyat vasitələrinə qarşı cərimələrin tətbiqinə başlanılır.
AFN.az xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumatlara görə, Avtonəqliyyat Vasitələri Departamenti (DMV) avtonom vasitələrin sayının sürətlə artdığı Kaliforniya ştatı üçün yeni qaydaları elan edib.
İyulun 1-də qüvvəyə minəcək tənzimləmələrə əsasən, sürücüsüz avtomobillər hərəkət zamanı qırmızı işıqda keçmə və ya xəttin düzgün dəyişdirilməməsi kimi qayda pozuntularına yol verdikdə polis birbaşa müvafiq şirkəti cərimələyə biləcək. Bundan əlavə, şirkətlər polis və digər fövqəladə hallar briqadalarından gələn çağırışlara 30 saniyə ərzində cavab verməyə borclu olacaqlar.
Avtonom vasitələr fövqəladə halların yaşandığı ərazilərə daxil olarsa, şirkətlərə qarşı pul cəriməsi tətbiq ediləcək. Kaliforniya rəsmiləri sözügedən qaydaları ölkədəki ən əhatəli avtonom nəqliyyat vasitəsi qaydaları kimi xarakterizə edirlər.
Qeyd edək ki, Kaliforniyanın San-Fransisko şəhərində elektrik kəsilməsi zamanı baş verənlər də daxil olmaqla, sürücüsüz vasitələrin yol hərəkəti qaydalarını pozduğu çoxsaylı insidentlər qeydə alınıb. Yeni qərarların bu növ problemlərin qarşısını alacağı gözlənilir.


