Özünü "İsveçrə Kralı" elan edərək qanundakı boşluqdan yararlandı
Özünü "İsveçrə Kralı" elan edən gənc hüquqi boşluqdan istifadə edərək 148 torpaq sahəsini pulsuz ələ keçirib və öz "imperiyasını" qurub.
AFN.az xəbər verir ki, 31 yaşlı isveçrəli texnik Yonas Lauvinerin illərdir heç bir ödəniş etmədən qurduğu bu qeyri-adi sistem Avropa mətbuatında böyük səs-küyə səbəb olub.
"The Times" qəzetinin məlumatına görə, hadisə 2019-cu ildə, Lauvinerin özünü monarxiya tarixinin olmadığı İsveçrənin "kralı" elan etməsi ilə başlayıb. O, hətta Berndəki kilsələrdən birində özü üçün "tacqoyma" mərasimi də təşkil edib. O zamanlar sadə bir qəribəlik kimi görünən bu hərəkətin arxasında ciddi bir mənfəət planının dayandığı sonradan üzə çıxıb.
Məlum olub ki, gənc texnik İsveçrə Mülki Məcəlləsinin az bilinən 658-ci maddəsindəki boşluqdan yararlanıb. Sözügedən maddə daşınmaz əmlak reyestrində qeydiyyatı olmayan və ya sahibi tapılmayan torpaq sahələrinin fərdlər tərəfindən mənimsənilməsinə imkan verir. Lauviner bu yolla unudulmuş mülkləri, xüsusi yolları və məhəllə keçidlərini hədəf alıb.
Nəticədə, ümumi sahəsi təxminən 117 min kvadratmetr olan əraziləri nəzarətinə götürən Lauviner, keçid hüquqları üzərində bazarlıq edərək ciddi gəlir əldə etməyə başlayıb. Hazırda o, şəxsi internet saytında özünü "imperiya lideri" kimi təqdim edir. O, fəaliyyətini müdafiə edərək, "Mən ədalətliyəm. Yolları bağlamıram və insanlardan həddindən artıq yüksək ödənişlər tələb etmirəm" deyib.



