Çin Tayvana qarşı hərbi əməliyyatlardan qaçmağa üstünlük verir - Rubio
ABŞ-ın Dövlət katibi Marko Rubio "NBC News"a müsahibəsində bildirib ki, Çin Tayvana qarşı hərbi güc tətbiq etmək əvəzinə, adanın könüllü şəkildə Pekinə birləşməsini üstün tutur.
AFN.az xəbər verir ki, Pekində açıqlama verən Rubionun sözlərinə görə, Çin üçün ideal ssenari Tayvanda birləşməyə səs veriləcək bir referendumun keçirilməsidir. Buna baxmayaraq, Rubio Pekinin Tayvana hərbi təzyiqi artırdığını və son on ildə Çin ordusunun misilsiz tempdə modernləşdiyini qeyd edib. O, Çin Hərbi Dəniz Qüvvələrinin artıq gəmi sayına görə ABŞ-ı qabaqladığını və dünyada ikinci ən güclü orduya çevrildiyini vurğulayıb. Dövlət katibi Çinin bu hərbi gücü təkcə Tayvana görə deyil, gələcəkdə qlobal miqyasda nüfuz dairəsi yaratmaq ambisiyası ilə artırdığını rəhbər tutub.
Qeyd edək ki, elə bu gün Çin rəhbəri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə Tayvan məsələsindəki ixtilafların iki ölkə arasında toqquşma və münaqişələrə yol aça biləcəyi barədə xəbərdarlıq edib. ABŞ Tayvanla rəsmi diplomatik əlaqələrə malik olmasa da, adanın ən böyük silah tədarükçüsü və müttəfiqi hesab olunur.



