"Honda" son 70 ildə ilk dəfə illik zərər açıqlayıb
Yaponiyanın avtomobil nəhəngi "Honda" şirkəti elektromobil bazarına qoyduğu investisiyaların özünü doğrultmaması səbəbindən son 70 ildə ilk dəfə maliyyə ilini zərərlə başa vurub.
AFN.az "BBC News" xidmətinə istinadən xəbər verir ki, elektromobillərə olan tələbatın gözləniləndən aşağı olması nəticəsində şirkətin 2026-cı ilin martında başa çatan maliyyə ili üzrə ümumi əməliyyat zərəri 423 milyard yen (təxminən 2,68 milyard dollar) təşkil edib. Yaranmış vəziyyətlə əlaqədar olaraq konsern bəzi elektromobil planlarından imtina etdiyini və xərcləri azaltmaq məqsədilə ehtiyat hissələrini daha ucuz qiymət təklif edən Çindən tədarük edəcəyini bəyan edib.
Şirkət rəhbərliyi zərərin böyüməsində ABŞ-ın yürütdüyü siyasətin də mühüm rol oynadığını bildirib. Belə ki, ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin sentyabrında elektromobil alan yerli istehlakçılar üçün nəzərdə tutulan 7500 dollarlıq vergi güzəştini ləğv etməsi və idxal olunan avtomobil hissələrinə rüsumlar tətbiq etməsi bir neçə iri avtoistehsalçının gəlirlərinə ciddi zərbə vurub.
Səhmləri ilk dəfə 1957-ci ildə birjaya çıxarılan və Yaponiyanın ikinci ən böyük avtomobil şirkətinə çevrilən "Honda"nın nəhəng strukturu analitiklərin fikrincə, bazardakı qəfil dalğalanmalara çevik adaptasiya olmağı çətinləşdirir. Şirkətin icraçı direktoru Toshihiro Mibe bəyan edib ki, artıq elektromobillərlə bağlı 2030 və 2040-cı illər üçün qarşıya qoyulan qlobal hədəflərdən imtina edilir və Kanada layihələri dondurulur.
"Honda" rəhbərliyi bundan sonra daha uğurlu sahələr olan motosiklet biznesinə, maliyyə xidmətlərinə və hibrid avtomobillərin istehsalına diqqət ayıracağını, Şimali Amerika, Yaponiya və Hindistanı prioritet bazarlar kimi saxlayacağını açıqlayıb. Qeyd olunub ki, növbəti maliyyə ilində də elektromobil sektoru üzrə zərərin 512 milyard yen olacağı proqnozlaşdırılır.


