Nyu-Meksikada tibbi təyyarə qəzaya uğrayıb: göyərtədəki 4 nəfərin hamısı həlak olub
ABŞ-ın Nyu-Meksiko ştatının Ruidoso şəhəri yaxınlığında kiçik tibbi təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan dörd nəfərin hamısı həlak olub.
AFN.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, Linkoln dairəsinin rəsmisi Ceyson Börns qəzanın səbəbinin hələlik məlum olmadığını bildirib. ABŞ Meşə Təsərrüfatı Xidmətinin məlumatına görə, təyyarənin dağlıq əraziyə düşməsi nəticəsində ərazidə təxminən 2 hektar sahəni əhatə edən meşə yanğını başlayıb.
Rozuell aviasiya mərkəzindən havalanan və Sierra-Blanka regional hava limanına doğru istiqamət götürən təyyarənin qəzaya uğraması ilə bağlı Federal Aviasiya İdarəsi (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən genişmiqyaslı təhqiqat başladılıb.
Qeyd edək ki, qəzanın baş verdiyi dağlıq Ruidoso bölgəsində son günlər isti və quru hava şəraiti hökm sürüb. Aşağı rütubət və sürəti saatda 56 kilometrə çatan güclü külək səbəbindən ərazidə yüksək yanğın təhlükəsi xəbərdarlığı edilib. Bu hadisə son 18 ay ərzində ABŞ-da tibbi təyyarələrin iştirakı ilə baş verən növbəti irimiqyaslı aviaqəza kimi qeydə alınıb.

