NASA "Artemis 3" astronavtlarını bu gün açıqlayacaq
NASA aprel ayında Ay ətrafındakı dövrəsini uğurla başa vuran "Artemis 2" missiyasının ardından kosmos dünyasının maraqla gözlədiyi "Artemis 3" heyətini bu gün rəsmən elan edir.
AFN.az xəbər verir ki, kosmosun kəşfində yeni bir mərhələ olan "Artemis" proqramı tam sürətlə davam edir.
Dörd astronavtdan ibarət olacaq "Artemis 3" heyətinin kimlərdən təşkil olunacağı aprel ayındakı "Artemis 2" uçuşundan sonra dünya ictimaiyyətində böyük maraq doğurmuşdu.
NASA rəsmilərinin "yaxında" deyə işarə etdiyi həmin gün gəldi; agentlik tarixi missiyanın astronavt heyətini iyunun 9-da açıqlayacağını bəyan edib.
2027-ci ilin ortaları ilə sonları arasında kosmosa buraxılması hədəflənən "Artemis 3" əvvəlki missiyadan texniki baxımdan ciddi şəkildə fərqlənir.
Astronavtların iştirakı ilə ilk sınaq uçuşunu uğurla başa vuran "Orion" kapsulu bu dəfə Aya getməyəcək.
"Artemis 3" heyəti "Orion"u yerətrafı aşağı orbitə çıxararaq burada özəl şirkətlər tərəfindən hazırlanan bir və ya iki ayrı Ay eniş aparatı ilə görüşmə və birləşmə manevrləri icra edəcək.
Bundan əlavə, astronavtlar Ay səthi üçün nəzərdə tutulan yeni nəsil kosmik geyimləri də orbitdə sınaqdan keçirmək imkanı əldə edəcəklər.
Bu səbəbdən NASA-nın yeni aparatları idarə etmək sahəsində təcrübəli pilotlara və açıq kosmosa çıxmaq təcrübəsi olan şəxslərə üstünlük verəcəyi gözlənilir.
NASA Ay səthinə insan daşımaq üçün "SpaceX" şirkətinin "Starship" və "Blue Origin" şirkətinin "Blue Moon" aparatları ilə müqavilə imzalamışdı.
İnsanın Ay səthinə ilk enişinin 2028-ci ildəki "Artemis 4" missiyası ilə həyata keçirilməsi planlaşdırılsa da, bu qərarın taleyi böyük ölçüdə "Artemis 3"ün uğurundan asılı olacaq.
Hər iki şirkətin hazırlıq prosesində gecikmələr yaşadığı məlumdur, xüsusən yaxın vaxtlarda "Blue Origin" şirkətinə məxsus "New Glenn" raketinin sınaq zamanı partlaması riskləri daha da artırıb.
Bununla belə, NASA aparatlardan biri vaxtında hazır olmasa belə, "Artemis 3" missiyasını mövcud şərtlər daxilində reallaşdırmaqda qərarlı görünür.
Bu vəziyyət seçiləcək heyətin Ayın kəşfindən ziyadə tamamilə kosmik gəminin pilotluğuna və operativ bacarıqlara fokuslanmasını zəruri edir.
NASA-nın keçmiş missiyaların dərhal ardınca eyni astronavtları ard-arda uçurmamaq qaydasına görə "Artemis 2" heyəti və hazırda Beynəlxalq Kosmik Stansiyada (BKS) olan şəxslər siyahıdan çıxarılır.
Namizədlər arasında ən güclü variant kimi Raca Çari önə çıxır.
Onun BKS-də reallaşdırdığı kosmik gəzintilərlə yanaşı, NASA daxilində Ay eniş sistemləri və yeni kosmik geyimlərin inteqrasiya sınaqlarına rəhbərlik etməsi onu bir addım önə keçirir.
"F/A-18" qırıcı təyyarələrinin pilotu olmuş və kosmik stansiya komandirliyi təcrübəsinə malik Nikol Mann ilə yeni nəsil kosmik geyimlər üzərində işləyən Keyla Barron da siyahının ön sıralarında yer alan digər güclü namizədlərdir.
Sürpriz namizəd isə "Artemis 2" missiyasının ehtiyat heyətində yer alan və "Orion" sistemlərinə mükəmməl səviyyədə bələd olan yeni astronavt Andre Duqlas ola bilər.
Heyətdə beynəlxalq tərəfdaşın yer alıb-almayacağı isə hələlik dəqiqləşməyib.
Əvvəlki Ay orbit stansiyası planlarının ləğv edilməsi Yaponiya və Kanada kimi ölkələrin prioritetlərini dəyişib.
Əgər NASA dörd yerlik oturacaqdan birini qlobal tərəfdaşa ayırarsa, "Orion"un xidmət modulunu inşa edən Avropa Kosmik Agentliyi (ESA) ən güclü namizəd qismində çıxış edir.
Lakin "Artemis 3"ün Ay yerinə Yer orbitində qalacaq şəkildə dəyişdirilməsi geofizika mütəxəssisi olan alman astronavtların növbəti Ay enişi missiyalarına saxlanılmasına səbəb ola bilər.
Bu ssenaridə kosmik stansiya və kosmik gəzinti təcrübəsi ilə italyan astronavt Samanta Kristoforetti Avropanı təmsil etmək üçün güclü bir seçim kimi dəyərləndirilir.

