İranda 20 min sakin susuz qalıb
ABŞ-ın İrandakı su anbarlarına endirdiyi zərbələr nəticəsində Hörmüzqan əyalətinin azı 20 min sakini içməli su təminatından məhrum olub.
AFN.az xəbər verir ki, bu barədə əyalətin Su Təchizatı və Kanalizasiya Şirkətinin baş direktoru Əbdülhəmid Həmzəpur məlumat verib.
Şirkət rəhbərinin sözlərinə görə, Sirik şəhəri yaxınlığındakı Kuhestak şəhərciyi və Bamani dairəsinin 10 kəndini su ilə təmin edən, ümumi həcmi 2500 kubmetr (500 və 2000 kubmetrlik) olan iki beton su anbarı və onlara aid mexaniki avadanlıqlar ABŞ-ın raket zərbələri nəticəsində tamamilə sıradan çıxıb. Ərazidə temperaturun 45-50 dərəcəyə çatdığını vurğulayan Həmzəpur, hazırda susuz qalan yaşayış məntəqələri üçün alternativ təchizat variantlarının (su daşıyan maşınlar və s.) araşdırıldığını bildirib.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində Amerikanın "Apache" helikopterinin vurulmasından sonra İrandakı hədəflərə qarşı cavab zərbələrinə başladığını elan edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə cavab olaraq Yaxın Şərq regionundakı ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücum təşkil edib.

