BMT-nin Baş katibi Livanın suverenliyinə hörmət etməyə çağırıb
BMT-nin Baş katibi Antonio Quterreş Livanın ərazi bütövlüyü və suverenliyini nəzərə alan atəşkəs danışıqlarının davam etdirilməsinə çağırıb.
AFN.az xəbər verir ki, Baş katib bu barədə "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.
"Bütün tərəflər Livanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə tam hörmət edən diplomatik həll yolu üzərində işləməlidir. Bu proses hər yerdə və bütün tərəflərin əməl edəcəyi hərtərəfli atəşkəslə başlamalıdır", - deyə Quterreş bildirib.
O qeyd edib ki, bu ilin mart ayından bəri bölgədə vəziyyət ciddi şəkildə gərginləşib; İsrail Livan ərazisində hərbi əməliyyatlarını gücləndirib, "Hizbullah" hərəkatı isə İsrail ərazisinə zərbələr endirir. Bölgədə diplomatik həllin vacibliyini vurğulayan Quterreş, eyni zamanda silah nümayişi və istifadəsində yalnız dövlətin rəsmi inhisar hüququna sahib olması ideyasını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, hazırda əsas prioritet münaqişənin bütün iştirakçıları tərəfindən tam rejimli atəşkəsin təmin edilməsidir.

