ABŞ Avropada NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmaq istəyir
Birləşmiş Ştatlar Avropada NATO-nun əməliyyatları üçün ayırdığı qırıcı təyyarələrin sayını üçdə bir qədər azaltmağı, həmçinin digər bəzi hərbi təyyarə və gəmilərini bölgədən çıxarmağı planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə və əldə etdiyi sənədə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-ın hərbi mövcudluğunu azaltmaq planı iyunun əvvəlində NATO müttəfiqlərinə təqdim edilib. Sənədə əsasən, Vaşinqton Avropadakı "F-16" və "F-15E" qırıcılarının sayını təxminən 150-dən 100-ə endirəcək. Bundan əlavə, dəniz kəşfiyyat təyyarələrinin sayının 26-dan 15-ə çatdırılması, bölgədəki bütün 8 yanacaqdoldurma təyyarəsinin, həmçinin raket silahları ilə təchiz olunmuş bir sualtı qayığın və aviadaşıyıcı qrupunun (onlarla qırıcı və gəmi daxil olmaqla) başqa regiona köçürülməsi nəzərdə tutulur. Pentaqon hələlik məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu ilin aprelində NATO-ya qarşı mənfi münasibətini gizlətməyərək ölkəsinin alyansdan çıxması məsələsini nəzərdən keçirdiyini bəyan etmişdi. O, "The Daily Telegraph" qəzetinə müsahibəsində rəsmi Vaşinqtonun Tehranla müharibəsində NATO-nun ABŞ-a dəstək vermədiyini əsas gətirərək alyansı "kağız pələng" adlandırmışdı.
