Ağ Evin yaxınlığında yazılan "86 47" ifadəsi ilə bağlı araşdırma başladılıb
ABŞ-da Ağ Evin yaxınlığındakı "National Mall" parkının qazonuna "86 47" formasında işarənin qoyulmasından sonra rəsmi təhqiqata start verilib.
AFN.az xəbər verir ki, "86 47" ifadəsi ABŞ Prezidenti Donald Trampa yönəlmiş sui-qəsd mesajı kimi qiymətləndirilir.
"NBC News" telekanalının yaydığı məlumata görə, dövlət başçısına qarşı sui-qəsd xəbərdarlığı olaraq yozulan bu rəqəmlər federal qurumları dərhal hərəkətə keçirib.
Tramp administrasiyasının sözçüsü verdiyi bəyanatda hadisəni vandalizm adlandıraraq, bunun əsla tolerantlıqla qarşılanmayacağını vurğulayıb.
ABŞ Prezidentinə qarşı edilən istənilən təhdidin son dərəcə ciddi qəbul edildiyini bildirən rəsmi nümayəndə, günahkarların mütləq qanun qarşısında cavab verəcəklərini ifadə edib.
Park Polisi tərəfindən verilən məlumatda isə test edilməsi məqsədilə qazon nümunələrinin toplandığı və hadisə ilə bağlı genişmiqyaslı araşdırmanın davam etdiyi qeyd olunub.
Havadan çəkilən görüntülərdə Ağ Evin yaxınlığındakı "National Mall" parkının ot örtüyünün üzərinə zəif formada "86 47" rəqəmlərinin qazındığı aydın şəkildə görünür.
Hərbi terminologiyada "86" ifadəsi kimisə ortadan qaldırmaq və ya birinin fəaliyyətinə son qoymaq mənasını daşıyır. "47" rəqəminin isə birbaşa ABŞ-nin 47-ci prezidenti Donald Trampa işarə etdiyi ehtimal olunur.
