Tramp Netanyahunun yeni zərbələr endirmək çağırışlarından yorulub - media
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun telefon zənglərindən yorulub, çünki bu danışıqlar adətən İsrail liderinin yeni hərbi əməliyyatlara başlamaq çağırışları ilə yekunlaşır.
AFN.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) qəzeti ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbəti iki lider arasındakı adi kommunikasiyanı belə təsvir edib: "Netanyahu prezidentə nəyisə niyə partlatmalı olduğunu, İsrail kəşfiyyatının bunu necə və nə vaxt edəcəyini bildiyini izah edir, prezident isə dinləyir. Zənglər adətən eyni ssenari ilə baş tutur".
Qəzetin yazdığına görə, son həftələrdə Trampın İranla münaqişəni bitirməyə çalışdığı, Netanyahunun isə hərbi əməliyyatların davam etdirilməsinə can atdığı bir vaxtda tərəflər arasında gərginlik daha da artıb.
Bundan əlavə, mənbələrin bildirdiyinə görə, Livanla bağlı son söhbətlərin birində ABŞ lideri Netanyahudan binaları niyə partlatdığını soruşub və bu cür hərəkətləri dayandırmağı tələb edib.
Nəşr həmçinin qeyd edir ki, Netanyahu ilə danışıqlardan sonra Tramp artıq öz administrasiyasının nümayəndələrindən İsrail Baş nazirinin sözlərinin nə dərəcədə dəqiq olduğunu daha tez-tez soruşmağa başlayıb.
