Kaliforniyadakı təhlükəli fay xətləri son min ilin ən yüksək təzyiqindədir



ABŞ və Avropadan olan tədqiqatçıların hazırladığı yeni kompüter modeli Kaliforniyanın ən qorxulu zəlzələ xətlərindəki tektonik təzyiqin qeyri-adi dərəcədə yüksək olduğunu ortaya qoyub.

AFN.az xəbər verir ki, elm adamları bölgədəki fay seqmentlərindəki stres səviyyələrinin son min ilin ən yüksək göstəricilərinə çatdığını və ya bu göstəriciləri keçdiyini bildirirlər.

İsveçrənin Bern Universitetinin geofiziki Liliane Burkhardın rəhbərlik etdiyi beynəlxalq komanda San-AndreasSan-Xasinto fay xətlərinin kəsişdiyi Kaxon Pas bölgəsinə diqqət yetirib.

Los-Ancelesin şimal-şərqində yerləşən bu kritik kəsişmə nöqtəsi elm dünyasında bir zəlzələ qapısı kimi xarakterizə olunur.

Kompüter modelləşdirmələrində 1000 illik zəlzələ tarixini simulyasiya edən ekspertlər bu qapının açıq olduğu ssenarilərdə hər iki fay xəttinin eyni vaxtda qırılaraq çox daha böyük və mürəkkəb fəlakətlərə yol açdığını müəyyən ediblər.

Faylardakı stres səviyyələrinin bir-birinə nə qədər paralel irəliləməsi bu qapının açılıb-açılmayacağını təyin edir. Mövcud məlumatlar sistemin hazırda kritik bir yük altında olduğunu göstərir.

Cənubi Kaliforniyadakı tektonik aktivliyin 90 faizinə cavabdeh olan bu iki fay sistemi 160 ildən çoxdur ki, sakitliyini qoruyur.

Bu uzunmüddətli səssizlik Moxave Cənub seqmentində 2,8 MPa, San-Xasinto Bernardino seqmentində isə 3,6 MPa kimi nəhəng bir təzyiqin toplanmasına səbəb olub.

Ehtimal olunan bir qırılmanın Los-Anceles, Ventura, Oranc və San-Dieqo kimi sıx məskunlaşmış bölgələrlə yanaşı, Palm-Sprinqs metropolu və Meksika sərhədindəki Tixuananı da əhatə edən çox geniş bir ərazidə böyük dağıntılara yol aça biləcəyindən narahatlıq keçirilir.

Bundan əlavə, kəsişmə nöqtəsinin magistral yollar, dəmir yolları və enerji xətlərinin keçdiyi həyati əhəmiyyətli bir koridor üzərində yerləşməsi logistik riski daha da artırır.

Tədqiqatçılar əldə edilən nəticələrin dəqiq bir zəlzələ tarixi mənasına gəlmədiyini, lakin infrastruktur planlaması və fövqəladə hallara hazırlıq üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayırlar.

"Journal of Geophysical Research: Solid Earth" jurnalında dərc olunan araşdırmada fizika əsaslı bu modellərin milyonlarla insanın üzbəüz qaldığı təhlükəni daha yaxşı anlamaq və ən pis ssenarilərə qarşı hazırlıqlı olmaq üçün kritik məlumatlar təmin etdiyi ifadə olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu