Tramp İranın nüvə təhdidi ilə maraqlanmadığı üçün Melonini tənqid edib
ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Melonini İran və bu ölkənin çox ciddi nüvə təhdidi ilə maraqlanmağı heç ağlına belə gətirmədiyi səbəbilə ittiham edib.
AFN.az xəbər verir ki, Prezident Tramp sosial media hesabındakı paylaşımında İtaliyanı və son günlər qarşılıqlı tənqidlər səsləndirdiyi Melonini yenidən hədəf alıb.
Tramp NATO-ya trilyonlarla dollar xərcləndikdən sonra İtaliya və onun Baş nazirinin İranın ciddi nüvə təhlükəsi ilə maraqlanmaq barədə düşünmədiyini qeyd edib.
ABŞ-ın uzun illərdir İtaliyanı müdafiə etdiyini bildirən Tramp, lakin onların sınağa çəkildiyimiz zaman bizi və dünyanın qalan hissəsini qorumaq üçün yanımızda olmadıqlarını vurğulayaraq bunun heç də xoş bir hal olmadığını diqqətə çatdırıb.
Meloni ilə Tramp arasında baş verən bu gərginlik fərqli mövzularla da davam edib.
Tramp İtaliyanın "La7" televiziya kanalına verdiyi müsahibədə Fransada keçirilən Böyük Yeddilik (G7) Sammiti çərçivəsində görüşdüyü Meloni haqqında onun özü ilə fotoşəkil çəkdirmək üçün yalvardığını, bu şəkli çox istədiyini və normalda razı olmayacağı halda ona yazığı gəldiyi üçün şəkil çəkdirdiyini iddia edib.
Meloni isə sosial media hesabından verdiyi açıqlamada Trampın sözlərinin həqiqəti əks etdirmədiyini bildirərək özünün və İtaliyanın heç vaxt yalvarmayacağının unudulmamasını tələb edib.
Tramp daha sonra sosial media hesabında Meloninin onunla şəkil çəkdirmək istəməsi iddialarını yenidən təkrarlayaraq ABŞ-ın İranı hərbi cəhətdən məğlub etməsindən sonra Meloninin öz reytinqini yüksəltmək üçün yenidən dost olmaq istədiyini, lakin buna ehtiyac duymadığını qeyd edib.
Meloni isə buna cavab olaraq Prezident Trampın bu davamlı və əsassız hücumlarının mənasız olduğunu bildirib və öz populyarlığına gəlincə, Trampın dostu olmağın ona qətiyyən heç bir fayda vermədiyini vurğulayıb.
