Trampla münaqişədən sonra Meloninin reytinqi artıb
ABŞ Prezidenti Donald Trampın İtaliyanın Baş naziri Corcia Meloniyə qarşı hücumları onun populyarlıq reytinqinin 2 faiz bəndi artmasına səbəb olub.
AFN.az xəbər verir ki, bu barədə "Adnkronos" agentliyi ictimai rəyin öyrənilməsi ilə məşğul olan "Demopolis" İnstitutunun sorğu nəticələrinə istinadən məlumat yayıb.
Məlumata görə, son 48 saat ərzində Meloniyə olan dəstək səviyyəsi may ayında qeydə alınmış 38%-dən 40%-ə yüksəlib. Bunun əksinə olaraq, italyanlar arasında Trampın populyarlıq reytinqi onun Ağ Evdəki 18 aylıq fəaliyyəti dövründə kəskin şəkildə azalaraq 42%-dən 11%-ə düşüb.
Agentlik qeyd edir ki, Trampın İtaliyanı hədəf alan tənqidləri italyan baş nazirin reytinqindəki enmə meylini tamamilə tərsinə çevirib. Buna qədər isə Hörmüz boğazı ətrafındakı böhran səbəbindən enerji daşıyıcılarının bahalaşması və ölkədə qiymət artımı Meloninin reytinqinə mənfi təsir göstərirdi.
Xatırladaq ki, ötən həftə Tramp və Meloni bir-birlərinin ünvanına kəskin bəyanatlar səsləndiriblər. Belə ki, Amerika lideri baş naziri "naşükürlükdə" və "Böyük Yeddilik" (G7) sammitində çəkilən birgə foto vasitəsilə öz reytinqini qaldırmaq cəhdində ittiham edib. Meloni isə cavabında Trampa öz populyarlığı barədə düşünməyi məsləhət görüb və Trampla dostluğun onun reytinqinə heç bir xeyir vermədiyini vurğulayıb.
