Lamin Yamalın səcdəli qol sevinci sosial mediada hədəfə çevrildi



İspaniya milli komandasının formasını geyinən 18 yaşlı Mərakeş əsilli futbolçu Lamin Yamal ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə davam edən 2026-cı il FİFA Dünya Kubokunda irqçi şərhlərin hədəfi olub.

AFN.az xəbər verir ki, Yamalın bu cür şərhlərə məruz qalmasının səbəbi onun müsəlman olması və Səudiyyə Ərəbistanı ilə oyunda vurduğu qolu səcdəyə gedərək qeyd etməsidir.

İyunun 21-i bazar günü Atlanta stadionunda keçirilən Səudiyyə Ərəbistanı matçının hələ 10-cu dəqiqəsində komandasının ilk qolunu vuran gənc futbolçu qol sevincini səcdəyə gedərək reallaşdırmışdı.

Bu qol sevinci bəzi azarkeşlər tərəfindən təqdir edilsə də, bir çox sosial media istifadəçisi Lamin Yamala qarşı irqçi şərhlər səsləndirib. Futbolçuların qol sevinclərində xaç çəkməsi və ya göy üzünü işarə etməsi kimi geniş yayılmış dini simvollara bənzər şəkildə reallaşdırılan bu qeyd etmə sosial mediada böyük əks-səda doğurub, bir çox irqçi sosial media hesabından Yamalı qaralamağa və tənqid etməyə çalışan islamofob paylaşımlar edilib.

Etirazlar arasında süni intellekt vasitəsilə hazırlanan saxta görüntülər ilə yanaşı, "Müsəlman deyil, xristian bir İspaniya", "Bir ərəb əsla ispan ola bilməz", "İyrənc bir qara dərili hər zaman iyrənc bir qara dərili olaraq qalacaq" kimi şərhləri ehtiva edən paylaşımlar da yer alıb.

Bəzi sosial media istifadəçiləri isə Yamalın anasının vətəni olan Ekvatorial Qvineya və atasının vətəni olan Mərakeşin bayraqlarını butslarında daşımasını tənqid edərək gənc futbolçunun İspaniya formasını geyinməyə layiq olmadığını qeyd ediblər.

Yamala gələn etiraz mesajları qədər irqçi şərhlərə reaksiya göstərən şəxslər də olub. "Katolik Universitetlilər" adlı bir sosial media hesabı Yamalın səcdə etdiyi fotonu paylaşaraq "Lamin Yamalın xristianlığa dönməsi üçün dua edək" qeydini yazsa da, bəzi sosial media istifadəçiləri həmin paylaşıma "İspan və katolik olduğunuz üçün sizlərdən utanırıq" kimi şərhlər yazıblar.

İspaniya İrqçilik və Yadellilərə Qarşı Dözümsüzlük Müşahidə Evinin məlumatlarına görə, Lamin Yamal sosial mediada irqçi nifrət nitqinə ən çox məruz qalan idmançılar arasında yer alır.

Ekspertlər son yaşananların fərdi bir hadisə olmadığını, gənc futbolçuya qarşı uzun müddətdir davam edən ayrı-seçkilik və nifrət tərkibli hücumların bir hissəsi olduğunu bildirirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu