Ötən il Avstriyada müsəlmanlara qarşı 1522 irqçi hücum olub


Ötən il Avstriyada müsəlmanlara qarşı 1522 irqçi hücumun edildiyi açıqlanıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu, ölkədə müsəlmanları hədəf alan hücumların qeydə alınmağa başladığı 2015-ci ildən bəri ən yüksək rəqəm olub.

Bu barədə Avstriya Müsəlmanlar üçün Sənədləşmə və Məsləhət Mərkəzinin (Dokustelle Österreich) hazırladığı “2023-cü ildə Müsəlmanlara Qarşı İrqçilik Hesabatı”nda bildirilib.

Hesabatda müsəlmanlara qarşı irqçiliyə məruz qalanların 50,1 faizinin qadın, 19,5 faizinin kişi olduğu, qurbanların 30,4 faizinin isə cinsiyyətini qeyd etmədiyi bildirilib.

Hesabata görə, hücumların 46,5 faizi fərdlər tərəfindən, 13 faizi isə müxtəlif qurum və təşkilatlarda baş verib; 7,3 faizi hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib; 6,1 faizi müxtəlif qurular tərəfindən təşkil edilib.

Keçən il siyasətçilərin 1,6 faizinin müsəlmanlara qarşı nifrət ifadəsi işlətdiyi, jurnalistlərin isə 4,5 faizinin müsəlmanları hədəfə aldığı və qeydə alınan hadisələrin 21 faizinin səbəbkarlarının müəyyən edilmədiyi qeyd edilib.

Hesabatda müsəlmanlara qarşı irqçi və nifrət dolu hücumların 66,7 faizinin ən çox rəqəmsal platformalarda görüldüyü və bu nisbətin sosial həyatın müxtəlif sahələrində 33,3 faiz olduğu qeyd edilib.

Təxminən 700 min müsəlmanın yaşadığı ölkədə keçən il 1522 irqçi hücumun baş verdiyi və bunun Sənədləşdirmə Mərkəzinin fəaliyyətə başladığı 2015-ci ildən bəri qeydə alınan ən yüksək rəqəm olduğu hesabatda əksini tapıb.

Sənəddə müsəlmanların məruz qaldıqları hücum növləri də yer alıb. Buna görə müsəlmanlara qarşı ayrı-seçkilik 40,8 faizlə birinci yerdədir. Hücumların 19,5 faizi İslama və müsəlmanlara qarşı təhqir, 8,9 faizi nifrət nitqi, 7,5 faizi isə vandalizm olub.

Hesabatda müsəlman fərdlərə qarşı ciddi təhdid, böhtan və gözdən salma cəhdlərinin nisbətinin 3,2 faiz, müsəlmanlara məxsus mülklərə fiziki hücumların nisbətinin isə 2,6 faiz olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu