Cənubi Koreyadan 576 milyard dollarlıq süni intellekt və çip investisiyası
Cənubi Koreya çip və süni intellekt sahələrində nəhəng layihələrə başladığını bəyan edib.
AFN.az xəbər verir ki, investisiyalar "Samsung" və "SK Hynix" şirkətlərinin rəhbərliyi ilə həyata keçiriləcək.
Dövlət Başçısı Li Cae Myunq növbəti bir neçə ilə yayılacaq 576 milyard dollardan çox investisiya ilə ölkəsinin bu sektorlarda rəqabət qabiliyyətini qoruyacağını bildirib.
Televiziya vasitəsilə canlı yayımlanan bəyanatda Dövlət Başçısı Lini dünyanın iki ən böyük yaddaş çipi istehsalçısı olan "Samsung Electronics" və "SK Hynix" şirkətlərinin rəhbərləri də müşayiət ediblər.
Dövlət Başçısı Li "Süni intellektin əsas elementlərini digər bütün ölkələrdən daha sürətli şəkildə təmin etmək məcburiyyətindəyik. Yarımkeçiricilər, fiziki süni intellekt və süni intellekt məlumat mərkəzləri həyata keçirəcəyimiz bu böyük sıçrayışın üç əsas sütununu təşkil edir" ifadələrini işlədib.
Linin verdiyi məlumata görə, "Samsung" və "SK Hynix" öz tədarükçüləri ilə birlikdə Cənubi Koreyanın cənub-qərb bölgəsində hərəsinə iki ədəd olmaqla yeni çip istehsalı müəssisəsi qurmaq üçün ümumilikdə 800 trilyon von (517,9 milyard dollar) həcmində investisiya qoyacaq.
Layihələr çərçivəsində ölkənin cənub-qərbindəki Qvanqju şəhəri və Cənubi Conla əyalətinin də 5-20 trilyon von arasında vəsait ayıracağını qeyd edən Li, Seul yaxınlığındakı Çunqçonq bölgəsində yaradılacaq çip paketləmə müəssisəsi üçün isə 81 trilyon vonluq əlavə investisiyanın nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Dövlət başçısı "Yarımkeçiricilərə olan sürətlə artan tələbatı qarşılamaq adına hazırda tikintisi davam edən istehsal mərkəzlərini sürətlə tamamlamalıyıq" deyib.


