Süni intellektə keçid ABŞ-ın texnologiya şirkətlərində ixtisarları sürətləndirir



ABŞ-da xüsusilə texnologiya şirkətlərinin süni intellekt investisiyalarını artırmaq və əməliyyatlarını optimallaşdırmaq strategiyalarının işdən çıxarma qərarlarını sürətləndirdiyi müşahidə olunur.

AFN.az xəbər verir ki, texnologiya nəhəngləri başda olmaqla bir çox şirkət səmərəliliyin artırılması, xərclərin azaldılması və süni intellektə əsaslanan yenidənqurma bəhanəsi ilə minlərlə işçini əhatə edən ixtisar planlarını həyata keçirir.

Süni intellektin şirkətlərin ixtisar qərarlarında ən çox istifadə edilən səbəblərdən birinə çevrilməsi diqqət çəkir. Məlumatlar göstərir ki, xüsusilə texnologiya sektorunda işçi qüvvəsinin azaldılması sürətlənib və şirkətlər daha az işçi ilə daha yüksək məhsuldarlıq əldə etməyi hədəfləyirlər.

İşdən çıxarmaları izləyən "Challenger, Gray & Christmas" agentliyinin məlumatlarına görə, may ayında elan edilən ixtisarların təxminən 40 faizi süni intellekt səbəbindən baş verib. Bu göstərici yanvarda 7, fevralda 10, martda 25 və apreldə 26 faiz səviyyəsində idi.

Süni intellekt artıq şirkətlərin ixtisarlar üçün irəli sürdüyü bir nömrəli səbəbə çevrilərkən, bu amili rəhbər tutan aparıcı sahə isə texnologiya olub.

Texnologiya sektoru bu il ən çox ixtisara gedən sahə kimi önə çıxıb. Sektorda bu ilin ilk beş ayında elan edilən işdən çıxarmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 66 faiz artaraq 123 min 653 nəfərə çatıb.

İqtisadçılar ixtisarlardakı bu tendensiyanın təkcə süni intellektlə bağlı olmadığını, COVID-19 pandemiyasından sonrakı həddindən artıq işə qəbul proseslərinin, maliyyə təzyiqlərinin və yenidənqurma mərhələlərinin də bu qərarlarda rol oynadığını bildirirlər.

ABŞ-ın proqram təminatı şirkəti "Oracle" iş proseslərini süni intellekt texnologiyalarına uyğun olaraq yenidən qurmaq strategiyası çərçivəsində işçilərinin sayının son bir ildə 21 min nəfər azaldığını açıqlayıb.

Şirkət tərəfindən ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) edilən bildirişdə 31 may tarixinə "Oracle"ın tam ştatlı işçilərinin sayının ötən ilin eyni dövründəki 162 min səviyyəsindən 141 minə düşdüyü qeyd edilib.

Bildirişdə əməliyyatlar daxilində süni intellekt texnologiyalarının tətbiqinin işçi qüvvəsinin azalmasına səbəb olduğu və bundan sonra da ola biləcəyi ifadə edilib.

"GitLab" proqram təminatı şirkəti də işçilərin müqaviləsinə xitam verən və süni intellekti biznes modellərinin əsas tərkib hissəsinə çevirmək üçün strategiya dəyişikliyinə gedən şirkətlərdən olub.

Şirkət işçi qüvvəsini təxminən 14 faiz azaldaraq 350 işçini işdən çıxaracağını bəyan edib. Süni intellektə əsaslanan iş yüklərinin artması ilə infrastrukturunu yenidən formalaşdıran "GitLab" rəhbərləri şirkətin 22 ölkədən geri çəkiləcəyini və idarəetmə pillələrinin sadələşdiriləcəyini diqqətə çatdırıblar.

ABŞ-ın texnologiya nəhənglərindən olan "Meta"nın təxminən 8 min işçini işdən çıxarmaq qərarı aldığı, 7 min nəfəri isə süni intellekt yönümlü yeni vəzifələrə keçirməyi planlaşdırdığı bildirilir.

ABŞ mətbuatında yer alan xəbərlərdə "Meta"nın rəhbəri Mark Zükerberqin şirkət işçilərinə göndərdiyi qeyddə ixtisar qərarının zəruri olduğunu, süni intellekt sahəsindəki kəskin rəqabət mühitində uğurun zəmanət altında olmadığını ifadə etdiyi vurğulanıb.

"Meta" yanvar ayında da "Reality Labs" bölməsindəki işçilərin sayını təxminən 10 faiz azaltmaq qərarı almış, bunu mart ayında şirkətdə yüzlərlə işçiyə təsir edən əlavə ixtisar dalğası izləmişdi.

Vergi və maliyyə proqram təminatı hazırlayan "Intuit" şirkəti əməliyyatlarını daha səmərəli etmək və süni intellekt layihələri də daxil olmaqla strateji prioritetlərinə daha çox diqqət ayırmaq məqsədilə tam ştatlı işçi qüvvəsinin 17 faizini ixtisar edəcəyini duyurub.

"Cisco" təxminən 4 min işçisini işdən çıxararaq resurslarını süni intellekt və diqqət mərkəzində olan digər böyümə sahələrinə yönəltmək qərarı alıb.

"Cloudflare" isə süni intellekt dövründə təşkilati strukturunu və proseslərini yenidən dizayn etmək məqsədilə 1100-dən çox işçisinin fəaliyyətinə son qoyub.

Kriptovalyuta birjası "Coinbase" bazar şərtlərini və süni intellektə keçidi əsas gətirərək işçilərinin təxminən 14 faizini işdən çıxaracağını elan edib.

Maliyyə texnologiyaları şirkəti "PayPal"ın da növbəti üç il ərzində işçi qüvvəsini 20 faiz azaltmağı planlaşdırdığı və süni intellekti bütün əməliyyatlarına inteqrasiya etməyi hədəflədiyi bildirilir.

Digər tərəfdən, ABŞ-ın sosial media şirkəti "Snap" gəlirlilik hədəfləri doğrultusunda işçi qüvvəsinin 16 faizinə bərabər olan təxminən 1000 nəfəri işdən çıxaracağını və 300-dən çox vakant yeri bağlayacağını açıqlayıb.

"Snap"ın baş icraçı direktoru Evan Şpigel şirkət əməkdaşlarına göndərdiyi məktubda süni intellektdəki sürətli irəliləyişlərin təkrarlanan işləri azaltdığını və biznes proseslərini sürətləndirdiyini vurğulayıb.

Bundan əlavə, "Angi", "Atlassian", "Block", "Crypto.com""Wix" kimi firmalar da süni intellektlə bağlı yenidənqurma strategiyaları çərçivəsində bu il ixtisarlara gedən şirkətlər arasında yer alıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu