Venesueladakı zəlzələlərdə həyatını itirənlərin sayı 2595-ə yüksəldi
Venesuelanın Müvəqqəti Dövlət Başçısı Delsi Rodriqes 24 iyunda baş verən zəlzələlərdə həyatını itirənlərin sayının 2595-ə çatdığını bildirib.
AFN.az xəbər verir ki, Rodriqes paytaxt Karakasdakı La Karlota Hava Bazasında keçirdiyi mətbuat konfransında ölkədə baş verən iki böyük zəlzələ ilə bağlı açıqlamalar verib.
Ölkənin şimalını vuran 7,2 və 7,5 bal gücündəki zəlzələlərdə dünyasını dəyişənlərin sayının 2595-ə yüksəldiyini, yaralı sayının isə 12400-ə çatdığını bəyan edən Rodriqes bölgədə 33 fərqli ölkədən gələn axtarış-xilasetmə qruplarının fəaliyyət göstərdiyini söyləyib.
Rodriqes zəlzələ anından etibarən 6462 nəfərin dağıntılar altından sağ çıxarıldığını vurğulayaraq, zəlzələnin dərhal ardından Venesuela dövlətinin bütün qurumları ilə hərəkətə keçdiyini, sarsıntılardan cəmi bir neçə saat sonra bu fövqəladə vəziyyətlə mübarizə aparmaq üçün ilk iş olaraq bir fərman imzaladıqlarını, mülki müdafiə sistemi və bütün ictimai müdafiə mexanizmlərinin dərhal bölgəyə sövq edildiyini ifadə edib.
Fəlakətə gec müdaxilə edildiyi ittihamlarına toxunan Rodriqes dövlətin bütün mexanizmlərini dərhal hərəkətə gətirdiklərini, ağrı və narahatlıq içində olan bir xalqın qarşısında bu iddiaları ortaya atmağın səfillik, vicdansızlıq və düşüncəsizlik olduğunu qeyd edib.
O, kiminsə çıxıb ona köməyin və ya girişin maneə törədildiyini, yaxud kömək olmadığını söyləməsinin qətiyyən mümkün olmadığını, ilk və ən mühüm hədəflərinin həyat qurtarmaq olduğunu bildirərək, heç bir siyasi mülahizə güdmədən axtarış-xilasetmə qruplarına ehtiyac duyduqlarını vurğulayıb.
Rodriqes bölgədə təhlükəsizlik qüvvələrinin və axtarış-xilasetmə qruplarının olmadığı barədə iddiaların həqiqəti əks etdirmədiyini, bu iddiaların qəsdən qurulmuş qara piar olduğunu ifadə edib.
Zəlzələlərdən sonra ölkədə ilk rəsmi açıqlamanı Daxili İşlər Naziri Diosdado Kabellonun etdiyini xatırladan Rodriqes sarsıntıların ardından polis və hərbi qüvvələrin operativ şəkildə bölgəyə göndərilməsi barədə göstəriş verildiyini qeyd edib.
Rodriqes iki böyük zəlzələ fəlakətinin ölkəni vurması ilə bağlı beynəlxalq diplomatiya fəaliyyəti apardığını, ilk saatlarda 72 dövlət və hökumət başçısından telefon zəngi aldığını dilə gətirib.
Digər tərəfdən, Venesuela mətbuatında yer alan məlumatlara görə, hökumət zəlzələ fəlakətində evlərini itirənlərin sayını 12841 nəfər olaraq açıqlayıb.
Müvəqqəti Dövlət Başçısı Rodriqes 29 iyundakı açıqlamasında evsiz qalan zərərçəkənlərə ilin sonuna qədər yeni mənzillər veriləcəyinə dair söz verib.
