NASA Mars və Ay simulyasiyası üçün könüllü astronavtlar axtarır



Amerika Aeronavtika və Kosmik Agentliyi (NASA) gələcək dərin kosmos missiyalarında astronavtların qarşılaşa biləcəyi riskləri azaltmaq məqsədilə Yer kürəsində qurulacaq süni bazada bir il boyunca qapalı qalacaq dörd könüllü axtardığını elan edib.

AFN.az xəbər verir ki, kosmik agentliklər marşrutu yenidən Aya, daha sonra isə Marsa çevirdiyi bir vaxtda, bəşəriyyətin başqa bir planetdə uzun müddət necə sağ qalacağı sualı aktuallığını qoruyur.

NASA bu suala cavab tapa bilmək üçün "Ay və Marsın Kəşfi Simulyasiyası" adlı yeni proqram başladır.

Ən tezi 2027-ci ilin avqustunda Hyustondakı Conson Kosmik Mərkəzində başlaması planlaşdırılan 12 aylıq bu proqram astronavtların kosmos səyahəti və yad bir planetin səthindəki yaşam şəraitini fərdi şəkildə təqlid edəcək.

Səlahiyyətli şəxslər bu simulyasiya sayəsində uzunmüddətli missiyalarda insan performansını artırmağı və kosmik uçuşların risklərini minimuma endirməyi hədəfləyirlər.

Əvvəlki araşdırmalardan fərqli olaraq bu layihə həm kosmosdakı səyahət prosesini, həm də planet səthindəki həyatı birləşdirən ilk çalışma olmaq xüsusiyyətini daşıyır.

Ümumilikdə üç mərhələdən ibarət olacaq simulyasiyada könüllülər ilk olaraq Yerdən Marsa səyahət edirmiş kimi 60 kvadratmetrlik dar bir kosmik gəmi maketində yaşayacaqlar.

Könüllülərin özlərinə aid kiçik otaqlarının olacağı bu səyahət mərhələsindən sonra ikinci fazaya keçiləcək.

Bu mərhələdə iştirakçılar planet səthini təmsil edən 84 kvadratmetrlik bir obyektə köçürüləcəklər.

Burada onlar öz məhsullarını yetişdirəcək, sağlamlıq durumlarını təqib edəcək və xüsusi qum hovuzunda kosmosa çıxış məşqləri edəcəklər.

Son mərhələdə isə yenə həmin kosmik gəmi maketi ilə Yerə dönüş səyahəti canlandırılacaq.

Layihənin ən mühüm araşdırma mövzularından biri də könüllülərin Mars zaman qurşağına necə uyğunlaşacağı olacaq.

Marsda bir gün Yer kürəsi ilə müqayisədə təxminən 40 dəqiqə daha uzun çəkir və bu kiçik fərqin uzunmüddətli dövrdə yuxu rejimi ilə çalışanların performansı üzərində ciddi təsirlər yarada biləcəyi təxmin edilir.

Bu çətin sınaqda iştirak edəcək şəxslərin isə sanki bir astronavt keyfiyyətlərinə sahib olması tələb olunur.

Müraciət edəcək namizədlərin mühəndislik, biologiya, fizika və ya riyaziyyat kimi fundamental elm sahələrində bakalavr və ya magistr dərəcəsinə sahib, 30-55 yaş aralığında ABŞ vətəndaşı və ya burada yaşayış icazəsi olan şəxslər olması şərtdir.

Bundan əlavə, namizədlər fiziki və psixoloji testlərdən keçməli, yuxuda gəzmə (somnambulizm) keçmişi olmamalı və yuxu dərmanlarından istifadə etməməlidirlər.

NASA-nın bənzər məzmunlu əvvəlki simulyasiyasında tibb zabiti kimi fəaliyyət göstərən həkim Neytan Cons bir il ərzində xarici dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşamağın gətirdiyi emosional çətinliklərə diqqət çəkir.

Missiya müddətində ailəsini, ad günlərini və xüsusi günləri qaçırmağın çətin olduğunu bildirən Cons, simulyasiya bitdikdə Yerdəki ən sadə şeylərin belə dəyərini çox daha yaxşı anladığını ifadə edir.

Kosmosda təzə qidaların çox məhdud olduğunu, yalnız öz yetişdirdikləri bir neçə tərəvəzi yeyə bildiklərini söyləyən təcrübəli könüllü, bir il boyunca günəş işığı görmədən və küləyi hiss etmədən yaşadıqdan sonra təbiətin qiymətini çox daha dərindən qavradığını vurğulayır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu