Küveyt: İranın hücumlarında bəzi əsgərlərimiz yaralanıb
Küveyt ordusu İranın ballistik raketlər və pilotsuz uçuş aparatları ilə ölkədəki həyati əhəmiyyətli obyektləri hədəf alan hücumlarında bəzi əsgərlərin yaralandığını elan edib.
AFN.az xəbər verir ki, Küveyt Müdafiə Nazirliyinin sözçüsü polkovnik Suud əl-Atvan ordunun "X" hesabından verdiyi açıqlamada İranın ötən gün Küveytə qarşı həyata keçirdiyi hücumlara diqqət çəkib.
Səhər saatlarından etibarən Küveyt hava məkanında təsbit edilən ballistik raket və PUA-lara hava hücumundan müdafiə sistemləri ilə müdaxilə etdiklərini bildirən Atvan, İranın düşmənçilik hücumları çərçivəsində Küveyt ordusuna məxsus həyati əhəmiyyətli obyekt və düşərgələrin PUA-larla hədəf alındığını, sözügedən hücumlarda vəzifə başında olan Quru Qoşunlarının bəzi hərbi qulluqçularının yaralandığını qeyd edib.
İranın eyni zamanda bəzi mühüm mülki obyektləri də hədəf aldığını vurğulayan Atvan, hücuma məruz qalan infrastruktur arasında elektrik stansiyaları və su təmizləyici qurğuların da olduğunu bildirib.
Sözügedən enerji stansiyaları və obyektlərin bəzilərində yanğın çıxdığına işarə edən sözçü, İrandan gələn raket və PUA-lara hava hücumundan müdafiə sistemləri ilə müdaxilə zamanı bəzi bölgələrə düşən qəlpələrin maddi ziyana yol açdığını ifadə edib.
Küveyt Yanğından Mühafizə İdarəsinin sözçüsü briqada generalı Məhəmməd əl-Qərib isə ölkənin cənubundakı iki fərqli nöqtənin İran hücumunda hədəf alınmasından sonra başlayan yanğınların nəzarət altına alındığını açıqlamışdı.
