2026-cı il Dünya Kubokunun finalında ilklər gecəsi yaşanacaq
2026-cı il FİFA Dünya Kubokunda İspaniya ilə Argentina arasında oynanılacaq final qarşılaşması fasilə şousundan çempionluq üzüyünə, tarixi qarşılaşmalardan qırılacaq rekordlara qədər bir çox ilkə səhnə olacaq.
AFN.az xəbər verir ki, turnir tarixində bir ilk olacaq bu mübarizə sabah 80 min nəfərlik "Nyu-York Nyu-Cersi" stadionunda baş tutacaq.
Final matçının fasiləsində ilk dəfə olaraq "Super Bowl" tədbirlərində olduğu kimi böyük səhnə şousu təşkil ediləcək.
"Coldplay" qrupunun solisti Kris Martinin kuratorluğu ilə keçiriləcək şouda Castin Biber, Şakira, Burna Boy, BTS, Madonna və venesuelalı dirijor Qustavo Dudamel kimi məşhur sənətçilər səhnəyə çıxacaqlar.
FİFA-nın dünya miqyasında uşaqlara keyfiyyətli təhsil və futbol imkanları təmin etmək məqsədilə 100 milyon dollar toplamağı hədəflədiyi şounun müddəti isə müzakirələrə səbəb olub. Qurum daha əvvəl fasilə performansının 11 dəqiqə çəkəcəyini açıqlasa da, ümumi vaxtın 20 dəqiqəni keçəcəyi gözlənilir. Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) qaydalarına görə isə fasilə 15 dəqiqədən çox olmamalıdır və bu müddət yalnız baş hakimin icazəsi ilə dəyişdirilə bilər.
2026-cı il Dünya Kubokunda çempion olacaq komandanın oyunçularına turnir tarixində ilk dəfə olaraq çempionluq üzüyü veriləcək.
Təltifetmə mərasimində kubok və medallarla yanaşı, İspaniya və ya Argentinanın baş məşqçisi ilə kapitanına müvəqqəti nümunə üzük təqdim olunacaq, fərdiləşdirilmiş digər 30 üzük isə daha sonra çempionlara çatdırılacaq. Üzüyün bir tərəfində Dünya Kubokunun təsviri, digər tərəfində isə qalib komandanı əks etdirən xüsusi dizayn yer alacaq.
İspaniya və Argentina Dünya Kuboku tarixində ikinci dəfə qarşı-qarşıya gələcək. İki komandanın 1966-cı il Dünya Kubokunun qrup mərhələsindəki yeganə görüşündən Argentina 2:1 hesablı qələbə ilə ayrılıb.
Turnir tarixində ilk dəfə olaraq son Avropa çempionu ilə son Cənubi Amerika çempioni finalda üz-üzə gələcək. Bu qarşılaşmada həmçinin dünya reytinqinin tətbiq olunduğu 1992-ci ildən bəri ilk dəfə olaraq cədvəlin ilk iki pilləsində qərarlaşan ölkələr mübarizə aparacaqlar.
Finalda İspaniya 2010-cu ildən sonra tarixindəki ikinci, Argentina isə 1978, 1986 və 2022-ci illərdən sonra 4-cü çempionluğunu hədəfləyir. İspaniya qalib gələcəyi təqdirdə birdən çox Dünya Kuboku qazanan yeddinci ölkə olacaq.
Luis de la Fuentenin yetirmələri kuboku qazanarsa, İspaniya eyni anda həm kişilər, həm də qadınlar arasında dünya çempionu ünvanını əlində saxlayan ilk ölkə olmağı bacaracaq.
Turnirdə qapısını Unay Simonun qoruduğu İspaniya, tək bir Dünya Kubokunda 6 oyunda qapısını qola bağlayan ilk komanda olub, keçirdiyi 7 matçda yeganə qolu isə dörddəbir finalda Belçikadan buraxıb.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Dünya Kuboku və Avropa Çempionatı miqyasında heç bir oyun uduzmadan ən çox matça çıxan mütəxəssis olub. İki turnirdə ümumilikdə 14 oyuna çıxan 65 yaşlı məşqçi 13 qələbə və 1 heç-heçə əldə edib.
Ardıcıl 37 oyundur məğlub olmayan İspaniya 28 qələbə və 9 heç-heçə ilə İtaliyanın bu sahədəki rekordunu təkrarlayıb.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni sabahkı finaldan qələbə ilə ayrılarsa, 1934 və 1938-ci illərdə ardıcıl iki çempionluq yaşayan ilk mütəxəssis olan italyan Vittorio Potsonun rekorduna şərik olacaq.
39 yaşlı Lionel Messi meydançaya çıxacağı təqdirdə braziliyalı Kafudan sonra 3 Dünya Kuboku finalında oynayan ikinci futbolçu olacaq. Messi qol vuracağı təqdirdə isə iki fərqli Dünya Kuboku finalında qol vuran altıncı kişi oyunçu kimi tarixə düşəcək.
Aleksis Mak Allister isə keçirdiyi 13 qarşılaşma ilə turnir tarixində heç bir məğlubiyyət görmədən ən çox Dünya Kuboku oyununa çıxan futbolçu ünvanını qazanıb.
