Vyetnamda baş verən sel fəlakətində 4 nəfər öldü
Vyetnamın Lay Çau əyalətində güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.
AFN.az xəbər verir ki, baş verən fəlakətlərdə 4 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.
"Vietnam News" qəzetinin məlumatına görə, rəsmilər Lay Çau əyalətində güclü yağışların təsirli olduğunu bildiriblər.
Yağıntılar nəticəsində yaranan qəfil sel və torpaq sürüşmələrində 4 nəfərin dünyasını dəyişdiyini bəyan edən rəsmi qurumlar yaralanan 7 nəfərin xəstəxanada müalicə altına alındığını ifadə ediblər.
Rəsmilər sel sularında itkin düşən 4 nəfərin tapılması üçün bölgəyə cəlb edilən polis və hərbi hissələrin iştirakı ilə axtarış-xilasetmə işlərinə başlanıldığını qeyd ediblər.
Bölgə miqyasında evlərə, kənd təsərrüfatı sahələrinə, yollara və elektrik infrastrukturuna ziyan dəydiyi, maddi ziyanın ümumi həcminin isə 4,6 milyon dolları keçdiyinin təxmin edildiyi vurğulanıb.


