Qayananın sahillərində 116 sərnişini daşıyan bərə batıb
Cənubi Amerika ölkəsi Qayanada 116 sərnişini daşıyan bərə batıb.
AFN.az xəbər verir ki, hadisədən sonra indiyə qədər 53 nəfər xilas edilib.
"MV Barima" adlı bərə paytaxt Corctaundan Port Kaituma bölgəsinə doğru hərəkət edərkən qəzaya uğrayıb.
Qayananın ictimai işlər naziri Xuan Edqill sosial media hesabında etdiyi paylaşımda yerli vaxtla saat 23:00 radələrində fövqəladə vəziyyət siqnalının alındığını və bundan sonra bərə heyəti ilə 116 sərnişin üçün axtarış-xilasetmə işlərinə başlanıldığını bildirib.
Edqill 1939-cu ildə inşa edilən və 17 nəfərlik heyəti olan "MV Barima" bərəsində 250 xilasedici jilet, 2 sərt gövdəli və 6 şişirilən xilasedici qayığın olduğunu qeyd edib.
Qayananın Baş naziri Mark Fillips isə indiyədək 53 nəfərin xilas edildiyini, digər sərnişinlərin də xilası üçün işlərin davam etdiyini diqqətə çatdırıb.

