Hindistanda şiddətli yağışlar səbəbindən 16 nəfər ölüb
Hindistanda şiddətli yağışların səbəb olduğu torpaq sürüşməsi, sel və ildırım vurması nəticəsində azı 16 nəfər ölüb.
AFN.az xəbər verir ki, ölkədə cənub-qərb musson yağışları həyata mənfi təsir göstərməkdə davam edir.
Rəsmilər Cammu Kəşmir ştatında güclü yağışların yol açdığı sürüşmə və sellərdə azı 11 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə itkin düşdüyünü bildiriblər.
Uttarakhand ştatında ildırım vurması nəticəsində 2 nəfərin öldüyünü və bir çox yolun hərəkət üçün bağlandığını qeyd edən səlahiyyətlilər, Naqaland ştatındakı sellərdə isə 3 nəfərin öldüyünü, bir çox evin zərər gördüyünü və bəzi insanların dağıntılar altında qaldığını diqqətə çatdırıblar.
Aidiyyəti qurumlar axtarış-xilasetmə tədbirlərinin davam etdiyini ifadə ediblər.
Hindistan Meteorologiya Departamentindən verilən açıqlamada isə ölkənin şimal və şərq bölgələrini təsiri altına alan şiddətli yağışların davam edə biləcəyi barədə xəbərdarlıq edilib.

