Yunanıstanda anomali istilər səbəbindən açıq havada işləmək məhdudlaşdırıldı
Yunanıstanda müşahidə olunan anomali isti hava şəraiti ilə əlaqədar bu gün açıq sahələrdə saat 13:00-dan 17:00-dək fəaliyyət göstərmək qadağan edilib.
AFN.az xəbər verir ki, Yunanıstanın Əmək və Sosial Müdafiə Nazirliyindən verilən bəyanatda bu gün temperaturun kəskin yüksələcəyinin gözlənildiyi bildirilib.
Bu səbəbdən işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə havanın daha isti olacağı Mərkəzi Yunanıstan, Tesalya, Peloponnes yarımadası və paytaxt Afinanın da yer aldığı Attika regionlarında saat 13:00 ilə 17:00 arasında tikinti, gəmiqayırma və kuryer xidmətləri kimi açıq havada icra olunan işlərin aparılması yasaqlanıb.
Ofis əməkdaşlarından səhhətində problemi olanlar, yaşlılar və hamilə qadınlar kimi risk qrupuna daxil olan şəxslərin isə məsafədən işləməsinə qərar verilib.
Yunanıstan Meteorologiya Xidmətinin proqnozlarına əsasən, iyulun 19-dan bəri davam edən isti hava dalğası nəticəsində bu gün xüsusilə Attika, Viotiya, Ftiotida, Arqolida, Tesalya və Korinf bölgələrində hərarət 40 dərəcəni keçəcək, Tesalyada isə termometrlər 43 dərəcəni göstərəcək.
Digər tərəfdən, Krit adası, Peloponnes yarımadası və cənubi Egey adaları başda olmaqla bir çox ərazidə isti hava ilə yanaşı səhra tozunun da müşahidə olunacağı gözlənilir.

