10 nəfərin bir-birinə girdiyi təyyarə uçuşdan 30 dəqiqə sonra geri qayıtdı
İspaniyanın Tenerife adasından Böyük Britaniyanın Liverpul şəhərinə getmək üçün havalanan "easyJet" sərnişin təyyarəsi sərnişinlər arasında düşən dava səbəbindən uçuşdan təxminən 30 dəqiqə sonra geri qayıtmaq məcburiyyətində qalıb.
AFN.az xəbər verir ki, çərşənbə axşamı baş verən hadisədə təyyarədə olan təxminən 10 sərnişin arasında əlbəyaxa dava yaşanıb.
Hava hərəkətinə nəzarət qurumu tərəfindən verilən açıqlamada kapitan pilotun uçuş təhlükəsizliyini təhlükəyə atan dava səbəbindən Tenerifeyə qayıtmaq qərarı aldığı bildirilib.
186 sərnişin tutumu olan təyyarə heyətin tələbi ilə "Tenerife South" hava limanına eniş edib.
Davada iştirak edən sərnişinlər polis əməkdaşları tərəfindən təyyarədən düşürüldükdən sonra təyyarə Liverpul reysinə davam edib.
"EasyJet" şirkətindən verilən açıqlamada intizamı pozan bir qrup sərnişin səbəbindən təyyarənin hava limanına geri qayıtdığı və polis əməkdaşları tərəfindən qarşılandığı ifadə olunub.
Bəyanatda uçuş və yerüstü heyətin bu cür hallara operativ müdaxilə etmək üçün təlim keçdiyi, sərnişinlərin və heyətin təhlükəsizliyinin hər zaman əsas prioritet olduğu vurğulanıb.
Hava hərəkətinə nəzarət qurumu isə heyətin qayıdış tələbi üzrə zəruri koordinasiyanın təmin edildiyini və təyyarənin sorunsuz şəkildə uçuş-eniş zolağını tərk etdiyini bəyan edib.
Diqqətçəkən digər məqam odur ki, Böyük Britaniyanın Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin rəsmiləri uçuşlarda intizamsızlıq edən sərnişinlərin bütün aviaşirkətlər tərəfindən uçuşlardan kənarlaşdırılmasını nəzərdə tutan yeni qaydalar üzərində işləyirlər.
Layihə mərhələsində olan plana əsasən, aviaşirkətlərin intizamı pozan sərnişinlər haqqında məlumatları bölüşəcəyi vahid sistemin qurulması hədəflənir.
