Avstraliyadan arıqlama dərmanlarının göz xəstəliyinə səbəb ola biləcəyi xəbərdarlığı
Avstraliya arıqlama və Tip 2 diabet üçün istifadə edilən GLP-1 dərmanlarının nadir və ciddi bir göz xəstəliyinə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, Avstraliya Müalicəvi Mallar Administrasiyası (TGA) tərəfindən yayımlanan bəyanatda Tip 2 diabet və piylənmə müalicəsində istifadə olunan dərmanlar haqqında xəbərdarlıq yer alıb.
Sözügedən dərmanların arteritik olmayan anterior işemik optik neyropatiya (NAION) adlı nadir görülən bir xəstəliyə səbəb ola biləcəyinə diqqət çəkilən xəbərdarlıqda "NAION korluq da daxil olmaqla daimi görmə pozuntusuna yol aça bilər və görməni bərpa edəcək sübut olunmuş heç bir müalicə mövcud deyildir" ifadəsinə yer verilib.
Xəbərdarlıqda GLP-1 dərmanı istifadə edənlərin hər hansı görmə itkisi yaşaması halında dərmanın qəbulunu dayandırıb təcili olaraq tibb müəssisəsinə müraciət etməli olduqları vurğulanıb.
TGA bu günə qədər GLP-1 dərmanları ilə əlaqəli 36 NAION halının qeydə alındığını bildirib.
NAION gözün arxa hissəsindəki optik sinirə gedən qan axınındakı pozuntudan qaynaqlanır və adətən yuxudan oyanan zaman ağrısız şəkildə qəfil ortaya çıxır, çoх vaxt da bərpası mümkün olmur.
GLP-1 dərmanları qandakı şəkərin səviyyəsini və iştahı nəzarətdə saxlamağa kömək edən bir hormonu təqlid edərək çalışır və xüsusilə diabet xəstəliyinin müalicəsində istifadə olunur.
