Rusiya Pavel Durov barəsində beynəlxalq axtarış elan edib
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram-ın qurucusu və baş icraçı direktoru Pavel Durovu terror fəaliyyətinə yardım göstərməkdə ittiham edərək barəsində beynəlxalq axtarış qərarı çıxarıldığını açıqlayıb.
AFN.az xəbər verir ki, FSB-nin yaydığı açıqlamada Telegram rəhbərliyinin Rusiyada terror və diversiya fəaliyyətlərinin əlaqələndirilməsi üçün istifadə olunduğu bildirilən kanal və botları silmədiyi vurğulanıb.
Açıqlamada bildirilib ki, Pavel Durov barəsində terror fəaliyyətinə yardım ittihamı ilə istintaq aparılır və onun haqqında beynəlxalq axtarış qərarı qəbul edilib.
FSB-nin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanları, eləcə də terrorçu və ekstremist qruplar Telegram-da fəaliyyət göstərən çoxsaylı kanallar, söhbət qrupları və botlardan Rusiyada diversiya və terror aktlarının, kütləvi qətllərin, həmçinin kiberdələduzluq əməliyyatlarının hazırlanması və koordinasiyası məqsədilə istifadə ediblər.
Qeyd olunub ki, Rusiyada bir müddət əvvəl Telegram platformasına giriş məhdudlaşdırılıb, şirkətə isə ümumi məbləği 100 milyon rubldan artıq cərimələr tətbiq edilib.
Kremlin sözçüsü Dmitri Peskov da iyulun 27-də verdiyi açıqlamada Telegram-ın yenidən tam gücü ilə fəaliyyət göstərməsi ilə bağlı danışıqların davam etdiyini, lakin şirkət nümayəndələrinin bu prosesdə kifayət qədər fəallıq göstərmədiyini bildirmişdi.
Telegram hazırda Rusiyada ən populyar mesajlaşma və sosial media platformalarından biri hesab olunur.
