Bədəninə trekking çomağı saplanan alpinist 16 kilometr piyada yol qət edib
ABŞ-ın Montana ştatında bir alpinist dağa qalxarkən yıxılıb və bədəninə trekking çomağı saplanmasına baxmayaraq, təxminən 16 kilometr piyada yol qət edərək xilas olmağı bacarıb.
AFN.az xəbər verir ki, təcili yardım əməkdaşı Devid Cifaldi iyulun 20-də iki dostu ilə birlikdə ştatın ən hündür nöqtəsi olan 3902 metr yüksəklikdəki Granite Peak zirvəsinə qalxarkən qayalıq ərazidə ayağı sürüşərək yıxılıb. O bildirib ki, yıxılarkən əlində olan trekking çomaqlarından biri bədəninə saplanıb.
Məlumata görə, çomaq sol qolunun alt hissəsindən daxil olaraq belinin aşağı hissəsindən çıxıb. Xoşbəxtlikdən həyati vacib orqanlara zərər dəyməyib.
Eyni zamanda yara baxımı üzrə mütəxəssis olan Cifaldi bildirib ki, tibbi bilikləri sayəsində vəziyyətini qiymətləndirib və həyati orqanlarının zədələnmədiyini anlayıb.
O, dostları ilə birlikdə peyk rabitə cihazı vasitəsilə aidiyyəti qurumlara məlumat versə də, xilasediciləri gözləmək əvəzinə öz imkanları ilə dağdan enməyə qərar verib.
Cifaldi bədəninə saplanmış trekking çomağı ilə birlikdə təxminən altı saat yarım davam edən yürüşdən sonra cığırın başlanğıc nöqtəsinə çatmağı bacarıb.
Daha sonra dostları tərəfindən xəstəxanaya çatdırılan alpinistin bədənindəki çomaq cərrahi əməliyyatla çıxarılıb. Səhhətinin yaxşı olduğu bildirilən Cifaldi bir neçə santimetr fərqlə daha ağır nəticədən xilas olduğunu və özünü çox şanslı hesab etdiyini deyib.
Cifaldi və dostları tam sağaldıqdan sonra yarımçıq qalan Granite Peak zirvə yürüşünü başa vurmağı planlaşdırırlar.

